Mühüdün göstərdiyi şücaətləri dinlədikcə həm qürurlanıram, həm də kədərlənirəm. Qürurlanıram ona görə ki, doğulduğum yurdun Mühüd kimi Qəhrəman oğlu var. Kədərlənirəm ona görə ki, Əfsanəvi Kəşfiyyatçı bu dünyadan vaxtsız köçdü. Əfsanəyə, dastana çevrilən Eloğlumun Qəhrəmanlıqları saysız-hesabsızdır. Mühüdün döyüş yoldaşları ilə əlaqə saxlayıram, onun düşmən arxasında etdiyi cəngavərlikləri dinlədikcə: Mən Muhüdün Qəhrəmanlığını sözə, cümləyə necə düzüm ki, ona layiq olsun, -deyə öz-özümə sual edirəm. İndi Muhüdün Qəhrəmanlığı, gücü haqqında iki hadisəni yazacam. Fikirli-fikirli Mühüd haqqında danışırdıq. Həmsöhbətim dedi: "Səbinə xanım, hərbi maşın var. Bilmirəm adını bəlkə eşitmiş olarsınız - SATKO. Bir gün SATKO-nun təkəri yarı yolda xarab oldu. Təkər dəyişməli idi. Domkrat yox idi. Əlimiz heç yana çatmırdı domkrat üçün. Mühüd dedi: Maşını çiynimə qoyun. Özüm saxlayacam. Siz təkəri dəyişin. Əvvəl inanmadıq, elə bildik zarafat edir. İsrar etdi və biz Mühüd deyən kimi etdik. Bəlkə də inanmazsınız, bu həqiqətən belə də oldu. Mühüd maşını çiynində saxladı. Biz təkəri dəyişdik. Mühüd həm dərin ağla, həm də sarsılmaz gücə malik idi".
...Telefonuma zəng gəlir: "Səbinə xanım, sizə təşəkkür edirəm. Muhüd haqqında sosial şəbəkələrdə paylaşımlar edirsiniz". Mühüdü yaxından tanıyan həmin şəxs onun cəngavərliyindən danışır. Onu qəhər boğur. Qırıq-qırıq səslərlə yenidən söhbətinə davam edir: "Muhüd düşmən arxasında elə Qəhrəmanlıqlar göstərib ki, deyərdim ki, tarixdə belə fenomen gücə malik insan olmayıb. Kəşfiyyat tapşırığına uyğun hərəkət edən Mixaylo lazımdırsa düşməni diri götürərdı, lazımdırsa yerində məhv edərdi. İnanın bircə dəfə əlini düşmənin boğazına atırdı. Başqa heç bir fəndə ehtiyac qalmırdı. Əlini düşmənin boğazına atdısa, dərhal düşmənin nəfəs borusu (xirtdəyi) çölə çıxırdı. Və anında düşmən məhv olurdu. Mühüd belə Mühüd idi. Əfsanəvi Kəşfiyyatçı"
Həmsöhbətimlə necə sağollaşdığım yadımda deyil. Heyrətdən donub qalmışdım. Mühüdün həyat yoldaşı Qumru xanımın zəngi məni yenidən özümə qaytardı.
Səbinə Yusif