- “İslamda belə ənənə yoxdur. İnsanlar öləndən sonra da bərabər olmalıdır”
Aparıcı Sərxan Kərəmoğlunun 26 il əvvəl özü üçün qəbir hazırlatdırdığını və bu günlərdə həmin qəbri təmir etdirərək şəxsən təmizlədiyini açıqlaması diqqət çəkib. Onun bu addımı sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
İslam dinində ölümün xatırlanması, axirət həyatına hazırlıq və insanın faniliyini dərk etməsi mühüm mənəvi anlayışlardır. Bununla belə, insanın sağlığında özü üçün qəbir qazdırması və onu əvvəlcədən hazırlatması dini baxımdan necə qiymətləndirilir? Belə bir davranışın İslamda əsası varmı?
Məsələ ilə bağlı fikirlərini Sherg.az-la bölüşən ilahiyyatçı Tural İrfan bildirib ki, İslam dinində əvvəlcədən qəbir yeri almaq və ya qəbir hazırlatmaq ənənəsi yoxdur. Bununla bağlı hər hansı dini buyruq və ya tövsiyə də mövcud deyil. İlahiyyatçının sözlərinə görə, belə bir ənənənin əsasını qoymaq İslam şəriətinə görə bidət hesab olunur:
“Bidət dinə yenilik gətirmək, yeni, uydurma ənənə icad etmək deməkdir. Başqaları da həmin şəxsdən nümunə götürərək özlərinə məzar hazırlatmaq ənənəsini davam etdirə bilərlər.
Üstəlik, bu məzarların kifayət qədər qiymətli yerlərdə yerləşdirilməsi və bahalı daşlardan hazırlanması da İslam dininin prinsiplərinə ziddir. Eyni zamanda, bu, ölkəmizdə mövcud olan və gələcəkdə formalaşdırılması nəzərdə tutulan sosial bərabərliyə əsaslanan qəbiristanlıq ənənəsinə də uyğun deyil. Belə hallar insanları şan-şöhrətə sövq etmək deməkdir. Bu yanaşma nə milli adət-ənənələrimizə uyğundur, nə də İslam dininin təməl prinsipləri ilə uzlaşır.
Həzrət Peyğəmbərin həyatında, səhabələrin və digər şəxslərin yaşamında da belə bir ənənəyə rast gəlinməyib. Ümumiyyətlə, bu cür hallar müsəlman aləmi üçün xarakterik deyil”.
T. İrfanın fikrincə, ölkəmizdə son dövrlər bu cür halların yayılması – insanların kəfənsiz, kostyumda dəfn edilməsi, xüsusi dizaynlı qəbirlərin hazırlanması, dəfn mərasimlərinin musiqi ilə müşayiət olunması – cəmiyyətdə dini maarifləndirmənin və ənənəvi dini dəyərlərin zəifləməsinin göstəricisidir:
“Bu vəziyyətin yaranmasının əsas səbəblərindən biri məsul qurumların və din xadimlərinin İslam dinini insanlara düzgün, dolğun və inandırıcı şəkildə təbliğ edə bilməməsidir. Nəticədə cəmiyyətdə din xadimlərinə olan etimad getdikcə azalır. İnsanlar artıq dini məsələlərdə rəsmi mövqeyə güvənmək əvəzinə, fərdi yanaşmalara üstünlük verir, hər kəs öz inancına uyğun davranmağa, hətta dəfn mərasimlərinin necə keçirilməli olduğunu belə şəxsi mülahizələri əsasında müəyyənləşdirməyə çalışır.
Bu, birmənalı şəkildə İslam və ümumilikdə dini maarifləndirmə sahəsində ciddi boşluqların mövcudluğunu göstərir. Din xadimlərinin əhəmiyyətli bir qisminin İranın siyasi və məzhəbçi İslam modelinin təsiri altında olması, orada təhsil alması, eləcə də bir çoxunun ərəb ölkələrində və digər xarici dövlətlərdə dini təhsil alaraq ideoloji təsirə məruz qaldıqdan sonra ölkəyə qayıtması mövcud vəziyyətə təsirsiz ötüşmür.
Eyni zamanda, milli ilahiyyatçıların fəaliyyətinə lazımi şərait yaradılmaması, onların məzhəbçi qruplaşmaların təzyiqi ilə kənarlaşdırılması və sıradan çıxarılması da problemin dərinləşməsinə səbəb olub. Bütün bunlar nəticədə ölkədə milli dini düşüncənin və sağlam dini maarifləndirmənin zəifləməsinə, cəmiyyətdə dinə münasibətdə pərakəndəliyin yaranmasına gətirib çıxarıb.
Mötədil İslam ənənələrinin, ənənəvi dini dəyərlərin, eləcə də zamanla milli adətlərimizin ayrılmaz hissəsinə çevrilmiş dini ayinlərin və dəfn mərasimlərinin tədricən təhrif olunması məhz belə özbaşına yanaşmaların ortaya çıxmasına səbəb olur”.
Konkret məsələyə gəldikdə isə T. İrfan S. Kərəmoğlunun hərəkətini doğru hesab etmədiyini bildirib:
“Deyək ki, o, yalnız özünü nəzərdə tutaraq qəbir qazdırıb. Lakin İslam dinində insanın yalnız özünü düşünməsi, bu kimi məsələlərdə müstəqil şəkildə şəxsi qərar verməsi doğru qəbul olunmur. Əvvəlcədən özünə qəbir hazırlatmaq, qəbir daşı və ya çərhovuz düzəltdirmək, bunu hətta ictimaiyyətə nümayiş etdirmək çox böyük günahdır. Bu, bir tərəfdən başqalarını da belə davranışa sövq edə, digər tərəfdən isə maddi imkanı olmayan insanlarda özlərini aşağı hiss etmələrinə səbəb ola bilər.
Belə yanaşma sosial bərabərliyə də ziddir. Halbuki dinin əsas prinsiplərindən biri insanların sosial bərabərliyidir. İnsanlar həm yaşadıqları müddətdə, həm də dünyalarını dəyişdikdən sonra bərabər olmalıdırlar. Bu bərabərlik dəfn mərasimlərində və məzarların quruluşunda da öz əksini tapmalıdır.
Azərbaycanda qəbir yeri tapmaq məsələsi ümumilikdə ciddi problem deyil. Düzdür, Bakıda bu baxımdan müəyyən çətinliklər var, qəbir yerləri bahadır. Bu da paytaxtda və ətraf ərazilərdə əhalinin sıxlığının artması ilə əlaqədardır. Sumqayıt və Abşeron da daxil olmaqla, Bakıətrafı ərazilərdə əhali sıxlığının yüksəlməsi təbii olaraq qəbiristanlıqlarda yer çatışmazlığına və qiymətlərin artmasına gətirib çıxarır. Lakin rayonlarımızda belə bir problem demək olar ki, yoxdur. Orada geniş ərazilər mövcuddur və insanların dəfn olunması üçün kifayət qədər imkan var.
Yəni insan vəfat etdikdən sonra onun üçün qəbir yeri tapmaq və ya qəbir almaq ciddi problemə çevrilirsə, bu halda istisna olaraq kiminsə sağlığında özünə qəbir yeri götürməsi zərurət kimi müəyyən mənada başadüşülə bilər. Lakin belə bir problemin mövcud olmadığı cəmiyyətdə, ölkədə əvvəlcədən özünə təmtəraqlı qəbir hazırlatmaq və bunu nümayiş etdirmək nə zərurətdən irəli gəlir, nə də dini baxımdan düzgün yanaşma hesab oluna bilər. Əksinə, bu cür davranış İslamın sadəlik və sosial bərabərlik prinsipləri ilə ziddiyyət təşkil edir və günah hesab olunur”.