“Ölsəz də ödəyəcəksiz” iddiası - İstehlakçı hüquqları kobud şəkildə pozulub

Onlayn satışlar müştəriləri çox zaman qane etmir. Təklif olunan məhsulla təslim edilən məhsul arasında ziddiyyət üzə çıxır. Belə bir halla vətəndaş Bağırova Lalə Natiq qızı da qarşılaşıb. Bu haqda “Sherg.az”a Azad İstehlakçılar Birlyinin sədri Eyyub Hüseynov məlumat verib. İstehlakçının hüquqlarını qorumaq üçün AİB-yə müraciət etdiyini deyən E.Hüseynov bildirdi ki, bununla bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə müraciət ediblər: 

- Vətəndaş “Smart Saat Online” ((VÖEN: 1102855742) satıcısı vasitəsilə “Ferrum Capital” şirkəti üzərindən (+994 12) 310 34 84) (dəyəri 684 AZN göstərilmiş məhsulu) hissəli kreditlə əldə edib. https://www.instagram.com/smart.saat.online/ Instagram səhifəsində yerləşdirilmiş reklam əsasında +994 70 839 33 11 telefon nömrəsi ilə əlaqə saxlayıb. Reklamda “Ölkənin ən böyük ekranlı Smart Tableti” kimi təqdim edilən Umiio 16 Pro Max model planşetin texniki göstəriciləri ətraflı şəkildə paylaşılıb. Reklam mətnində cihazın 14.1 inch ekranlı, 512 GB daxili yaddaşlı, Android 15 əməliyyat sistemli, yüksək texniki parametrlərə malik olduğu bildirilmişdir. Alıcı satıcıya yazılı şəkildə telefonla müraciət edərək reklamda göstərilən 512 GB versiya ilə bağlı planşetin, həmçinin 1 TB yaddaş variantının mövcudluğu və şərtləri barədə məlumat istəyib. Satıcı isə vətəndaşın göndərdiyi reklam şəklini işarələyərək “Dediyiniz hamısı var, ayda sadəcə 57 AZN, ilkin ödənişsiz” cavabını verib. Bu məlumatlara əsaslanaraq sifariş 29 Noyabr 2025-ci il tarixində təsdiqlənib və məhsul həmin gün müştəriyə çatdırılıb. Lakin məhsul elə həmin gün açıldıqdan dərhal sonra vətəndaş müəyyən edib ki, təqdim olunan cihaz 1 TB deyil, yalnız 512 GB daxili yaddaşa malikdir. Bundan əlavə, məhsulda proqram təminatı ilə bağlı ciddi problemlər müşahidə edilib. Həmçinin klaviaturanın ölçüsünün də soruşduğum parametrlərə uyğun olmadığı aşkarlanıb. Vətəndaş anlayım ki, reklam vasitəsilə bütün digər istehlakçılar kimi aldadılıb. Bu səbəbdən məhsuldan narazılıq 1 sutka keçməmiş satıcıya yazılı şəkildə bildirilib. Bu iddia isə satıcı tərəfindən qəbul edilməyib. Məhsul qanunvericilikdə nəzərdə tutulan 14 günlük müddət keçməmiş şəxsən təqdim edilsə də mağaza tərəfindən geri götürülməyib. Vətəndaş yerindəcə 102 DİN nömrəsinə zəng edərək bu geri qaytarılma aktı tələbinin icra edilməməsi ilə bağlı şikayətini bildirib. Lakin məhsul müştəridən geri götürülməyib. Vətəndaşın kredit müqaviləsinin ləğvi ilə bağlı müraciəti də qəbul olunmayıb. Yəni “səhv edib, məhsul sifariş etməyəydiniz. Etmisinizsə, ölsəz də, qalsaz da gərək hər ay kredit ödəyəsiniz. İstəyrisiz, planşeti götürün, istəyisiz götürmıyin, özünüz bilərsiz. Amma pulumuzu ödəyəcəksiz”. Kredit müqaviləsi ləğv edilməyib və sonrakı mərhələdə vətəndaşa “Ferrum Capital” şirətindən kredit borcu ilə bağlı bildiriş gəlib. 

E.Hüseynov qeyd etdi ki, bu, istehlakçı hüquqlarının kobud pozulmasıdır və bununla bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırova ərizə ilə müraciət ediblər.  

E.Hüseynov vətəndaşlara onlayn alış-verişlər zamanı ehtiyatlı olmağı tövsiyə etdi.