Onlayn satış modelinə etiraz böyüyür -RƏYLƏR

Bu sistemlə davam etsək, insanlar haqqı olan mənzilləri ala bilməyəcəklər

Mənzil İnşaatı Dövlət Agentliyinin təşkilatçılığı ilə mənzillərin növbəti onlayn satışı yenə də fiaskoya uğradı demək olar. Çünki bu barədə tutarlı əsaslar, faktlar ortadadır. MİDA-nın satışlarından indiyədək yararlananlar arasında həqiqətən də aztəminatlı, güzəştli kateqoriyalara aid vətəndaşlar varmı, onların sayı nə qədərdir, bilinmir. Bilinən budur ki, kimlərsə, hansısa yollarla güzəştli mənzillərə sahiblənir, sonra həmin mənzilləri ya kirayə verir, bəzən də satışa çıxarıb, yüksək gəlir əldə edirlər. Yəni bu prosesdə şəffaflıq görünmür. Ona görə də narazılıqlar yaranır.

Multimedia Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bu barədə fikrini sosial şəbəkədə paylaşıb. “Nə baş verib”, deyə sual edən O.Gündüz elə özü də suala cavab tapmağa çalışıb:

- Maraqlıdır ki, MİDA ötən gün keçirilən güzəştli mənzillərin onlayn satışı ilə bağlı indiyədək heç bir rəsmi açıqlama verməyib. Saytında və sosial resurslarında bu haqda heç bir rəsmi açıqlama yerləşdirilməyib. İlk dəfədir ki, belə hal müşahidə olunur. Əvvəllər MİDA satış keçirilən gün ilkin məlumatları açıqlayırdı. Xatırladıram ki, çoxsaylı istifadəçilər ötən gün keçirilən satış prosesində xeyli çatışmazlıqların, xüsusən də texniki problemlərin, satış başlayan an sistemin ani olaraq çökməsinin, sistemdə onlayn satış prosesini icra etməyin mümkün olmadığını bildiriblər. Əvvəlki satışlarda adətən sistemdə prosesi icra etdikdən sonra mənzillərin əldə edilməsinin mümkün olmadığı bildirilirdisə, bu dəfə ümumiyyətlə, seçim prosesini icra etməyin mümkün olmadığı deyilir. Ümid edirəm MİDA və aidiyyəti qurumlar baş verənlərə aydınlıq gətirəcəklər. Görünən odur ki, nəsə baş verib!

Sosial media istifadəçiləri də O.Gündüzün paylaşımına reaksiya verərək MİDA-nın onlayn satış sisteminin uğursuz olduğunu qeyd ediblər.

Elşad Vəlixanov yazıb:

- Mən dünən həm yüksək sürətli internet, həm də stabil dəyərlər ilə, həm də mida oynamaq üçün kifayət qədər sürətli kompüter ilə daxil oldum sistemə. Oyuna saniyələr qala təlimatda olduğu kimi saytdan sistemi yenilədim və hər şey qaydasında, donma olmadan oyuna daxil oldum. İlk mərhələni keçdim, ad günü hissəsini daxil edəndə sistem yenə mənə eyni əməliyyatı təkrar etməyi bildirdi. Bunun yəqin ki, iki faktorlu təsdiqləmə olduğunun qənaətinə gələrək yenə etdim. Və heç nə hasil olmadı. Videomaterial da var məndə ki ekran yaşıl rəng alaraq sistemdən atır.

Xaqani Safaroğlu: - Mənzillərin bu qaydada - "onlayn lotoreya" sistemi ilə satışı ləğv edilməlidir. Yeni forma tapılmalıdır. Biabırçılıqdır.

Seymur M.Majid: - 1-ci səhifədən sonra kompüterdə görüntü itdi, 20 dəqiqə ərzində sistem dondu.  

Ülvi Məmmədov: - Nəsə yox, dəqiq baş verib. “Barıtı”nı çox qoyublar.

Araz Məmmədov: - Şəffaflığın olması üçün nəticələr ləğv edilməli, problem aradan qaldırılıb yenidən keçirilməlidir. Əgər ləğv edilməsə, demək ki, istədikləri budur.

Aslan Muxtarlı: - Mənzil İnşaatı Dövlət Agentliyi açıqlama verməlidir.

Sərvər Rüstamov: - Nağıl... Hər il eynisi olur.

Daşınmaz əmlak bazarı üzrə mütəxəssis, “Əmlak Ekspert Mərkəzi”nin direktoru Ramil Osmanlı Sherg.az-a açıqlamasında güzəştli mənzillərin satışı ilə bağlı alternativ variantlara ehtiyac olduğunu bildirdi:

- Belə görünür ki, alternativ variantlar üzərində düşünməlidirlər. Onlayn satış sistemi ya elə mükəmməl bir vəziyyətə gətirilməlidir ki, həqiqətən də hamı üçün əlçatan, başadüşülən olsun. Çünki elə vətəndaşlarımız var internetdən istifadə bilikləri, bacarıqları məhduddur, internetdən istifadə edə bilməyənlər var, elə bir rahat sistem tətbiq edilməlidir ki, bu şəxslər də istifadə edə bilsin. Ya da elektron qaydada, onlayn satış formasından ümumiyyətlə imtina edilməli, başqa formaya keçilməlidir.