Cəlilabad rayonu, Uzuntəpə kənd sakini, 54 yaşlı Həsənov Sücayət Sabir oğlu dövlət tərəfindən himayəyə götürülüb. Bu haqda Cəlilabad rayon icra başçısının Uzuntəpə kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi məlumat verib. Bildirilib ki, tənha şəxs Cəlilabad Rayton Xəstəxanasına yerləşdirilib, ona bütün lazımi köməklik göstərilib. Müayinə olunub, müalicəsi həyata keçirilir.
Qeyd edək ki, ötən gün sosial şəbəkədə həmkarımız, İqtisadiyyat.az saytının şef-redaktoru Səid Qərib həmin tənha şəxs haqqında paylaşım edərək vəziyyətinin həddindən artıq ağır olduğunu ictimaiyyətə çatdırıb.
S.Qərib qeyd edib ki, Cəlilabad rayon Uzuntəpə kənd sakini, 1972-ci il təvəllüdlü Həsənov Sücayət Sabir oğlunun bu məşəqqətli dünyada taleyi elə gətirib ki, yaxın qohumlarından onu qəbul edəcək kimsə yoxdur, uzaq qohumları tərəfindən də tərk edilib. Heç kimi olmadığına görə, çöllərdə-küçələrdə qalmağa məcbur olub. Ağır onkoloji xəstəlikdən əziyyət çəkir, bir müddət əvvəl rayon xəstəxanasında əməliyyat olunub, əməliyyat sonrası stasionar prosedurlar bitdikdən sonra evə buraxılıb. Amma bunun evi-eşiyi, ata-anası, oğlu-qızı, qohumu-əqrəbası olmadığı üçün çöllərdə yaşamağa məhkum olunub. Qışın bu oğlan çağında özünə isti bir yer tapa bilməyən Sücayət bu yaxınlarda kənddəki məscidlərdən birinə pənah aparıb, Allahın evinə sığınıb. Səxavətli kənd sakinləri də onu yorğan-döşək və gündəlik azuqə ilə təmin etməyə başlayıblar.
Bəlkə də ömrünün son günlərini yaşayır, bəlkə də hamıdan çox yaşayacaq - heç kim bilmir. Amma gözlə görünən odur ki, onun ciddi nəzarətə, müalicəyə, diqqətə və qayğıya ehtiyacı var. Onu xilas etmək, ona sahib çıxmaq lazımdır. Bu paylaşımdan sonra Cəlilabad Rayon İcra Hakimiyyəti məsələylə maraqlanıb və icra hakimiyyətinin Uzuntəpə kənd ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən S.Həsənovla bağlı zəruri işlərin icrasına başlanılıb.
S.Qərib “Sherg.az”a aıqlamasında operativ reaksiya verən dövlət orqanlarına təşəkkürünü bildirdi: “Çox sevinirəm ki dövlətimiz tənha şəxsi himayəyə götürdü. Dövlətimizlə qürur duyuram”.