Orden və medalları yalnız dövlət təltif edə bilər
Ədliyyə Nazirliyi və QHT-lərə Dövlət Dəstəyi Agentliyi birgə bəyanat yayıb.
Bəyanatda deyilib ki, bir sıra QHT-lərin qanunla qadağan olunan fəaliyyətə yol verərək, ayrı-ayrı şəxsləri saxta orden və medallarla təltif etməsi barədə informasiyalar yayılmaqdadır: ““Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” 1992-ci il tarixli Azərbaycan Respublikası Qanununa 2010-cu ildə əlavə edilmiş 3-cü bəndə əsasən, orden və medal - vətəndaşlara xüsusi xidmətlərə görə dövlət tərəfindən verilən dövlət təltifidir. Bu Qanundan başqa digər normativ hüquqi aktlarda orden və medallar (o cümlədən “orden” və ya “medal” ifadəsindən hər hansı mənada istifadə edilməklə) təltif növü kimi təsis oluna bilməz".
Birgə bəyanatda bildirilib ki, bəzi QHT-lərin orden və medallar təsis etməsi ictimai etimadı sarsıdır, əhalinin aldadılmasına səbəb olur və ciddi hüquqi məsuliyyət yaradır.
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin və Ədliyyə Nazirliyinin verdiyi birgə bəyanat ölkə ictimaiyyətində, xüsusən də sosial şəbəkələrdə geniş formada dəstək qazanıb. Orden və medalların bəzi QHT-lər tərəfindən təsis edilməsi və müəyyən şəxslərə təqdim olunmasının sui-istifadə hallarına yol açdığını qeyd ediblər.
Minalardan Zərərçəkənlər Assosiasiyasının rəhbəri Rey Kərimoğlu Sherg.az-a açıqlamasında deyib ki, bu problem təkcə bu günün yox, uzun illərdir gündəmdə olan bir məsələdir:
“Cəmiyyətin müxtəlif təbəqələrini ciddi şəkildə narahat edir. Hələ 2016–2018-ci illərdə Qarabağ Qazilər Birliyinin mərhum sədri Etimad Əsədov bu cür medallarla bağlı sərt mövqe ortaya qoymuşdu. O, hətta həmin medalları “taxta”, “qaloş qabığından hazırlanmış cırıq medal” adlandıraraq, bu addımı atanlara açıq şəkildə etirazını bildirirdi. Mən də uzun illər Qarabağ Qazilər Birliyində təmsil olunmuş, hazırda isə Minalardan Zərərçəkənlər Assosiasiyasının rəhbəri kimi hər zaman bu mövzuda eyni mövqedən çıxış etmişəm.
Bədbəxtçiliyimiz ondadır ki, bu cür “orden-medal” təsis edənlər etdiklərinin mahiyyətini anlamır və ya anlamazlığa vururlar. Onlara etiraz etdikdə “niyə olmasın” deyə sual verirlər. Halbuki bu, kökündən yanlış bir yanaşmadır.
Medal, orden yalnız və yalnız dövlət adından verilməlidir. Bu, dövlətin səlahiyyətidir. Dövlətin təsis etdiyi medallara bənzər “oyuncaq medallar” düzəldib onları vəzifəli şəxslərə, tanınmış simalara təqdim etmək, bəzən isə satmaq yolverilməzdir. Bu, həm dövlətin simvolikasına hörmətsizlikdir, həm də cəmiyyətin gözündə saxta qəhrəmanlıq təsiri yaradır. Təəssüf ki, belə hallarda həmin “medal”ı qəbul edənlərin çoxu da onun nə olduğunu, hansı təşkilat tərəfindən verildiyini belə bilmir. Sadəcə, götürüb döşlərinə taxır, tədbirlərdə nümayiş etdirirlər. Bu isə həm ictimaiyyət arasında çaşqınlıq yaradır, həm də dövlət mükafatlarının nüfuzuna kölgə salır”.
R.Kərimoğlunun fikrincə, bu məsələyə hüquqi qiymət verilməlidir:
“Həmin təsis olunmuş medallar geri alınmalı, bununla bağlı ictimaiyyətə açıq şəkildə hesabat təqdim edilməlidir. Qeyri-hökumət təşkilatlarının və ya fərdi birliklərin medal və orden təsis etməsi qanunla da qadağan olunmalıdır. Əks halda, dövlət mükafatlarının əhəmiyyəti, dəyəri itib gedəcək. Əsl qəhrəmanlıq, xidmət və fədakarlıq dövlət tərəfindən qiymətləndirilməlidir. Cəmiyyət də bilməlidir ki, kimin döşündə medal varsa, o, həqiqətən dövlətin tanıdığı bir xidməti daşıyır, yoxsa hansısa QHT-nin “oyuncaq mükafatını” nümayiş etdirir. Əgər biz şəffaf və sağlam mühit qurmaq istəyiriksə, belə hallara qətiyyətlə son qoymalıyıq”.
Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov da Ədliyyə Nazirliyi və QHT-lərə dövlət dəstəyi agentliyinin birgə bəyanatını dəstəkləyib:
“Uzun müddətdir ki, bəziləri əlinə möhür alıb özlərini "kimsə" sanaraq ətraflarındakıları orden və medallarla təltif edirlər. Bu hal heç bir etik qaydalara uyğun deyil və ayıbdır. Orden və medallarla təltifi dövlət edə bilər.
“Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” 1992-ci il tarixli Azərbaycan Respublikası Qanununa 2010-cu ildə əlavə edilmiş 3-cü bəndə əsasən, orden və medal - vətəndaşlara xüsusi xidmətlərə görə dövlət tərəfindən verilən dövlət təltifidir. Bu Qanundan başqa digər normativ hüquqi aktlarda orden və medallar (o cümlədən “orden” və ya “medal” ifadəsindən hər hansı mənada istifadə edilməklə) təltif növü kimi təsis oluna bilməz”.