Prezidentə məktub: “Böyük diqqət və qayğınız sayəsində şəhər və rayonlar füsunkar görkəm alıb”

Bütün dünyanı bürümüş koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin atdığı qətiyyətli addımlara, əhalinin sağlamlığının qorunması, rifahının yaxşılaşdırılması üçün gördüyü işlərə görə Azərbaycan vətəndaşlarından dövlətimizin başçısına minnətdarlıq məktubları gəlməkdə davam edir. Vətəndaşlarımız Prezident İlham Əliyevin göstərdiyi diqqət və qayğıdan razılıqlarını ifadə edirlər.

Qəbələ rayonunun Vəndam qəsəbəsindən Sadəddin Zülfüqarov dövlət rəhbərinə məktubunda yazır: 

“Çox hörmətli cənab Prezident, Sizin ölkəmizə rəhbərliyiniz dövründə çox müsbət dəyişikliklərin şahidi oluruq. Regionlara olan böyük diqqət və qayğınız sayəsində şəhər və rayonlar, kənd və qəsəbələr öz libasını dəyişmiş, füsunkar görkəm almışdır. Bu işlər sayəsində yerli əhalinin rifahı yaxşılaşmaqla yanaşı, ölkəmizə gələn turistlərin sayı da son illər ərzində artmışdır. Axı belə gözəllikləri kim görmək istəməz?! Azərbaycanda apardığınız abadlıq-quruculuq işlərindən Qəbələ rayonunun Vəndam qəsəbəsinə də pay düşmüşdür. Belə ki, qəsəbəmizdə "Rüsyan" adlanan yaşayış sahəsində 200-dən artıq yaşayış evi vardır. Qış aylarında yolun palçıqlı, yay aylarında isə tozlu olması sakinləri narahat edirdi. Sizin göstərişiniz əsasında yola asfalt örtüyü çəkildi. Əziz Prezidentimiz, bütün sakinlər adından Sizə dərin minnətdarlığımızı bildirirəm. Sizin apardığınız daxili və xarici siyasəti bəyənirik. Biz həmişə Sizinləyik”.