Prezidentə məktub: “Xalqımıza arxa-dayaq oldunuz, vətəndaşlara doğru yol göstərdiniz, nümunəvi addımlar atdınız”



Bütün dünyanı bürümüş koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin atdığı qətiyyətli addımlara, əhalinin sağlamlığının qorunması, rifahının yaxşılaşdırılması üçün gördüyü işlərə görə Azərbaycan vətəndaşlarından dövlətimizin başçısına minnətdarlıq məktubları gəlməkdə davam edir. Vətəndaşlarımız Prezident İlham Əliyevin göstərdiyi diqqət və qayğıdan razılıqlarını ifadə edirlər.

Gəncə şəhərindən Sevinc Məmmədova Prezidentə məktubunda bildirir:

 “Hörmətli cənab Prezident, ölkəmiz və xalqımız üçün gördüyünüz işlərə görə Sizi alqışlayıram. Siz ümummilli liderimiz Heydər Əliyevin uğurlu siyasətinin layiqli davamçısısınız. Sizin siyasətinizdə gənclər də mühüm yer tutur. Təməl daşı möhkəm qoyulan müasir gənclik gələcəyə doğru iri addımlarla irəliləməkdədir. Mən də bir gənc olaraq Sizinlə qürur duyuram. Siz COVID-19 pandemiyasının yayıldığı bir dövrdə xalqımıza arxa-dayaq oldunuz, eyni zamanda, vətəndaşlara doğru yol göstərdiniz, nümunəvi addımlar atdınız. Rəsmi tədbirlər zamanı qapalı məkanlarda tibbi maskadan istifadə etməyiniz xalq tərəfindən böyük rəğbətlə qarşılandı. Siz işsiz insanlara iki ay olmaqla hər ay 190 manat məbləğində birdəfəlik ödəmənin edilməsi ilə bağlı göstəriş verdiniz, imkansız ailələrə yardım göstərdiniz. Allah Sizi və ailənizi pənahında saxlasın, cənab Prezident! Hər şey üçün Sizə minnətdarıq. Nə yaxşı ki, varsınız!”.