Prezidentə təşəkkür:“Gördüyünüz tədbirlər xalqımızı kütləvi tələfatdan xilas etdi”  

Bütün dünyanı bürümüş koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin atdığı qətiyyətli addımlara, əhalinin sağlamlığının qorunması, rifahının yaxşılaşdırılması üçün gördüyü işlərə görə Azərbaycan vətəndaşlarından dövlətimizin başçısına minnətdarlıq məktubları gəlməkdə davam edir. Vətəndaşlarımız Prezident İlham Əliyevin göstərdiyi diqqət və qayğıdan razılıqlarını ifadə edirlər.
Ağcabədi rayonundan Nabat Yusifovanın ölkə başçısına məktubunda deyilir: 

“Möhtərəm cənab Prezident, mən Ağcabədi rayonunda yaşayıram, təqaüdçüyəm. Uzun illər tibb sahəsində çalışmışam. Tibb işçisi kimi deyə bilərəm ki, COVID-19 pandemiyasının dünyanı cənginə alması məni çox narahat edirdi. Hər gün televiziya ekranlarından dünyadakı insan tələfatını gördükcə bu narahatlıq daha da artırdı. Lakin Sizin uzaqgörənliyiniz, məqamında tədbirlər görməyiniz xalqımızı kütləvi tələfatdan xilas etdi, insanların qəlbindəki həyəcanı sakitləşdirdi. Hər zaman, hər şəraitdə güvəndiyimiz rəhbərimizə bu məqamda da güvənə bildik. Amma bəzi insanlarımız lap çox arxayınlaşdılar. Dövlətin həyata keçirdiyi təhlükəsizlik tədbirlərinə səthi yanaşan həmin insanlara isə Siz bir daha nümunə oldunuz. İyunun 3-də Ağcabədi rayonuna səfəriniz zamanı tibbi maskadan istifadə etməyiniz, görüş zamanı ara məsafəsi saxlamağınız bir daha Sizin böyüklüyünüzü, hər zaman xalqın yanında olduğunuzu və təhlükəsizlik tədbirlərinə əməl etməyin vacibliyini sübut etdi. Tanrı Sizi, ailənizi və xalqımızı qorusun!”.