Azərbaycanda ilk özünümüdafiə batalyonunun komandiri olmuş, Şəmkir rayon İcra Hakimiyyətinin sabiq başçısı, Azərbaycan Respublikasının sabiq Kənd Təsərüfatı naziri Tofiq Hüseynli – Qara Tofiq ağır xəstədir. Bu barədə sosial şəbəkədə məlumat yayılıb. Bildirilir ki, hazırda İsveçdə mühacirət həyatı davam edən Qara Tofiq ağır xəstəliklə mübarizə aparır.
Əqidə dostu Baba Allahnəzərov qeyd edib ki, Tofiq Hüseynlinin Vətənin müdafiəsi uğrunda göstərdiyi xidmətlər danılmazdır. Qara Tofiq o şəxsdir ki, 31 dekabr 1991-ci ildə Tovuz rayonu Ağdam kəndində Vətən üçün mühüm olan sərhəd məntəqəsinin açılışını etmiş və müstəqil Azərbaycanın üçrəngli bayrağını dalğalandırıb. O, 1989-cu ildə Genişlənən Xalq Hərəkatına qoşularaq Tovuzda AXC şöbəsinin təşkilatçılarından və liderlərindən olub. 1990-cı il yanvar ayının 20-də Kommunist partiyasının üzvlüyündən imtina edib. Qara Tofiq həm də o şəxsdir ki, 1992-ci il may ayında Şəmkir rayon İcra Hakimiyyətinin başçısı təyin olunub və həmin il Türk dünyasında bir ilk olan "Bozqurd" abidəsinin açılışını edib. 1993-cü il martın 4-də isə Azərbaycan Respublikasının Kənd Təsərüfatı naziri və elə həmin ilin iyununda isə Qərb bölgəsi üzrə prezidentin səlahiyyətli nümayəndəsi təyin olunub. B.Allahnəzərov deyib ki, Qara Tofiqlə telefon əlaqəsi saxlayıb:
- İndicə Tofiq bəy mənə zəng çaldı....Söhbətləşdik.... Xəstəliklə mübarizədədir...Xəstəliyində yaxşlığa doğru irəliləyişlər var. Sağalacağına böyük ümidlər bəsləyir. Salamlarını hamıya çatdırmağımı xahiş etdi!