Qazilərdən Ali Baş Komandana: “Sizin ətrafınızda daim sıx birləşmişik və Sizin döyüş əmrinizi gözləyirik”

Bütün dünyanı bürümüş koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin atdığı qətiyyətli addımlara, əhalinin sağlamlığının qorunması, rifahının yaxşılaşdırılması üçün gördüyü işlərə görə Azərbaycan vətəndaşlarından dövlətimizin başçısına minnətdarlıq məktubları gəlməkdə davam edir. Vətəndaşlarımız Prezident İlham Əliyevin göstərdiyi diqqət və qayğıdan razılıqlarını ifadə edirlər.
Lerik rayonundan Qarabağ qaziləri Üzeyir Məmmədov, Gəray Hacıyev, Zeynal Aslanov, Veysəl Məlikov və Mərdan Ağayev Ali Baş Komandana yazırlar:
 “Hörmətli cənab Ali Baş Komandan, Sizin şəhid ailələrinə, Qarabağ qazilərinə göstərdiyiniz diqqət və qayğı bizi çox sevindirir. Xalqımızın bu çətin günündə şəhid ailələri, Qarabağ müharibəsi əlilləri üçün fərdi evlərin tikintisinin davam etdirilməsi dövlətimizin bu sahəyə diqqətinin bariz nümunəsidir. Biz - Qarabağ qaziləri Sizin rəhbəri olduğunuz ölkədə yaşamağımızla fəxr edirik. Lerikdə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün fərdi evlərin tikintisi rayonun bütün sakinlərinin sevincinə səbəb olub. Hər bir şəhid bizə qardaş qədər doğma və əzizdir. Cənab Prezident, biz - Qarabağ qazilərinin ən böyük arzusu işğal olunmuş torpaqlarımızın azad edilməsidir. Buna görə Sizin ətrafinızda daim sıx birləşmişik və Sizin döyüş əmrinizi gözləyirik”.