
Sağlam iş mühiti gərginlik və intihar hallarının qarşısını alır - Psixoloq
Fərqanə Mehmanqızı: “Dövlət qurumları maarifləndirici tədbirləri davamlı etməlidir”
Dövlət Sərhəd Xidmətinin hərbi hissələrində Respublika Hərbi Prokurorluğu və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələrinin iştirakı ilə “İntihara dini və psixoloji baxış” mövzusunda maarifləndirici tədbir keçirilib. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin məlumatında bildirilir ki, DSX-nin şəxsi heyəti, Respublika Hərbi Prokurorluğu və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələrinin iştirakı ilə keçirilən tədbirin keçirilməsində məqsəd hərbi qulluqçular arasında mənəvi-psixoloji hazırlığın gücləndirilməsi, stress və psixoloji gərginlik halları ilə mübarizə yolları barədə maarifləndirmənin aparılmasıdır. Bildirilir ki, hərbi xidmət kimi məsuliyyətli bir sahədə qulluq edən şəxslərin fövqəladə hallar və gərgin psixoloji şəraitlə üzləşdikdə özünü idarə bacarığını qoruyub saxlaması olduqca vacibdir. İntihar cəmiyyət üçün ağır hadisədir və hüquqi baxımdan qiymətləndirilərək qarşısının alınması istiqamətində zəruri tədbirlər görülməlidir. Tədbir çərçivəsində hərbi qulluqçular arasında hərbi xidmət əleyhinə olan cinayətlərin qarşısının alınması istiqamətində hüquqi maarifləndirmə aparılıb, bu əməllərin hüquqi və mənəvi nəticələri ətraflı şəkildə izah edilib. Hərbi Prokurorluğun əməkdaşları tərəfindən hərbi qulluqçulara müvafiq qanunvericilik aktları, cinayət hüququnun tələbləri və bu kimi əməllərin dövlət və ordu quruculuğuna vurduğu zərərlər barədə geniş məlumat verilib. Belə hadisələrin çox zaman depressiya, psixoloji gərginlik, sosial təcrid, ailə və şəxsi münasibətlərdəki problemlərin nəticəsi olduğu, psixoloji dəstəyin və monitorinqin vacibliyi qeyd edilib. Tədbirin sonunda şəxsi heyətin sualları cavablandırılıb və interaktiv diskussiya formatında fikir mübadiləsi aparılıb. Müasir dövrdə sosial şəraitin yaratdığı ümumi çətinliklər, texnoloji vasitələr, sosial şəbəkələr, internet, instaqram, tik-tok kimi platformaların məişətin ayrılmaz hissəsinə çevrilməsindən doğan psixoloji gərginliklər bir çox sahələrdə əsəbləri tarıma çəkir. Psixoloji dəstək, ruhi rahatlıq indi insanlara ən çox gərək olan mənəvi dəstəkdir. Mütəxəssislər hesab edir ki, bu səpkili tədbirlər digər qurumlarda, orta və ali məktəblərdə, iş yerlərində, müəssisələrdə də təşkil edilməlidir. Sağlam mühitin formalaşması vacibdir və istər dövlət qulluqçusu olsun, istərsə əsgər və ya zabit, yaxud da müəllim, şagird – hər bir şəxs psixoloji və ruhi dəstəyə ehtiyac duya bilər.
Psixoloq Fərqanə Mehmanqızı Sherg.az-a açıqlamasında bunun sevindirici hal olduğunu dedi:

- Hazırda, məlumdur ki, cəmiyyətdə aqressiya, depressiya, mənəvi aclıqdan bütün dünya əziyyət çəkir. Bunun qarşısını almaq üçün maarifləndirici tədbirlərə ciddi ehtiyac var. Böyük kollektivlər, iş yerləri, təhsil ocaqları, müxtəlif təbəqələrə, müxtəlif kateqoriyalara mənsub insanların cəmləşdiyi yerlərdə sağlam iş mühitinin formalaşması vacibdir. Xüsusən o müəssisədəki qulluq göstərən insanları əhatə edən şəraitdə təbii gərginlik varsa, iş şəraiti ağırdırsa və ya tapşırılan vəzifə xüsusi diqqət, səfərbərlik, böyük məsuliyyət tələb edirsə, əməkdaşların, qulluq müddətində olan şəxslərin gərginlik içində olması da təbii qarşılanmalıdır. Belə vəziyyətlərdə insanlar depressiyaya düşə bilir, ruh düşkünlüyü yarana bilir. Bəzən intihara cəhd edənlər, əl atanlar, özünə sui-qəsd yolunu seçənlər də olur, təəssüf ki. Belə vəziyyətə düşməmək, yaxud gərgin vəziyyətdən sağlam çıxmaq üçün onlarla ruhani söhbətlərin aparılması, mənəvi dəstək də vacibdir, həmçinin, insanlara qanunun aliliyi, tapşırılan vəzifənin yerinə yetirilməsinin dövlət, Vətən qarşısında müqəddəs borc olduğu bildirilməli, problemi olanların bu haqda rəhbər şəxslərə məlumat verməsinin zəruriliyi də anladılmalıdır. İnsanların depressiya düşməsinin müxtəlif səbəbləri ola bilər. Məişət problemləri, sosial problemlər, bəlkə ailələrində nəsə bir gərginlik var. Bunları söyləyərək, başqaları ilə paylaşaraq həllinə nail olmaq mümkündür. Yetər ki, insan özünə qapanmasın, inamını, ümidini itirməsin, problemdən çıxış yolunun olduğuna inansın, bilsin ki, yanında dostları var, onu çətinlikdən qurtaracaq rəhbərlik var. İdarə və müəssisələrdə də rəhbər şəxslər tabeliklərində olanları buna inandırmalıdır.
F.Mehmanqızı qeyd etdi ki, bu səpkili tədbirlər davamlı olmalı, bütün vacib sahələri əhatə etməlidir:
- Yaxşı olar ki, digər rəsmi qurumlar da bu cür tədbirlər təşkil etsinlər. Qeyri-hökumət təşkilatlarının dəstəyi ilə maarifləndirici tədbirlər keçirsinlər. Dövlət Sərhəd Xidməti və Respublika Hərbi Prokurorluğunun təşkil etdiyi tədbir digər qurumlara çox yaxşı nümunədir. Ümid edirəm və inanıram ki, dövlət strukturuna aid digər orqanlar da bu nümunəni örnək alaraq hər biri öz sahəsində maarifləndirici tədbirlər təşkil edəcək.