Tarkan nümunəsi: Röya da bircə məktəb tikdirsə, yaxşı olar

"İcra hakimiyyətinə sanki yoxlama aparmağa gəlirmiş kimi getməkdənsə, rayonun hansısa çatışmazlığının həllinə kömək etsin"

Türkiyəli məşhur pop müğənni, meqa-star Tarkan ata yurdu Sivasın kasıb bölgələrində məktəblərin tikintisi üçün 22 milyon dollar ianə edib. Bu vəsait 15 məktəb binası, laboratoriya, kitabxana və idman zallarının tikintisinə sərf olunacaq. Nəticədə 30 min şagird yeni məktəblərdə, yeni siniflərdə təhsil alacaq, yaradılan yeni infrastrukturdan istifadə edəcək. Bu barədə müğənni özü Yeni il ərəfəsində Sivasda verdiyi konsert zamanı elan edib.

Təkcə sivaslılar deyil, bütün Türkiyə Tarkana minnətdarlığını bildirərək “Türkiyə səninlə fəxr edir, sən bu Vətənin vicdanısan” mesajını yazıb. Tarkan özü isə “anam mənə “bir gün varlansan, hara mənsub olduğunu unutma!” demişdi. Tarkan kövrələrək “Bu uşaqlar mənim uşaqlığımdır. Mən də bu tozlu yollarla, yamaqlı ayaqqabı ilə məktəbə getmişəm. Bu məktəb binaları mənim uşaqlığa borcumdur!”.  

Bu xəbər təbii ki “milyonlara sahib olan bizim müğənnilər, təkcə onlar da yox, ölkənin varı-dövləti hesaba sığmayan insanları niyə belə xeyiriyyə işləri lə məşğul olmurlar” sualını ortaya qoyur. Cavab sadə göründüyü qədər də, ağrılıdır. 

Sosioloq Mətanət Məmmədova “Sherg.az”a açıqlamasında qeyd etdi ki, hər bir imkanı olan şəxs yaşadığı bölgədə məktəb, məscid tikintisi, yolların çəkilməsi, xəstaxana tikintisinə yardım etməlidir: 

- Qədim zamanlardan türk xalqlarında ianə etmək ənənəsi mövcud oub. Hər kəs öz məhəlləsi, bölgəsi üçün nələrsə edib. Tarixi yerlər, tarixi adlar var ölkəmizdə də. Buna istinadən bilinir ki, filan bulağı, filan arxı kim çəkdirib, kim yol çəkib, qala tikdirib. Bunu edənlər, el-oba üçün xeyirxah iş görənlərə el içində həmişə hörmət edilib, nüfuz sahibi olub belə şəxslər. Əlbəttə, Tarkanın bu addımı alqışa layiqdir. Ondan örnək alınmalıdır. Bizim məşhurlar da bunu edə bilər. Edənlər var. Mərasim evi tikdirirlər, yol çəkilişində iştirak edirlər. Məktəb, xəstəxana tikdirən tanımıram, bilmirik bu haqda. Amma müəyyən işlərə imza atanlar var. Ölkəmizdə məşhur insanlar var. Şou-biznes aləmində elələri var ki varidatları saya-hesaba gəlməz. Toylarda bir hətfə ərzində qazandıqlarını hansısa xeyriyyə işinə sərf edə bilərlər. Bundan ancaq hörmət,ehtiram qazanarlar. Adları çəkiləcək, insanlar onlara hörmət edəcək, əməllərini təqdir edəcəklər. Bir var, bir ailəyə xərclənsin vəsait, bir də var, minlərlə uşağın gələcəyi üçün vəsait ayrılsın. Bu, dövlətə köməkdir həm də. Elə bölgələr var uçuq-sökük məktəblərdə, siniflərdə dərs keçir uşaqlar. Xəstəxana binaları köhnəlib, uçub dağılır. Hər bir işi dövlətə yükləmək olmaz. Dövlət öz işini görür onsuz da. Amma insanlarımız da xeyriyyə işlərinə çalışsalar, daha gözəl olar.  

M.Məmmədova qeyd etdi ki, ola bilər bizim müğənnilər vergiyə cəlb olunamdan ehtiyat edirlər, qazanclarını gizlədirlər. Türkiyədə bu sahədə konkret vergiyə cəlbolunma sistemi var və hər kəs də qazancından vergi ödəyir. Bizim müğənnilərə dövlət hörmətlə yanaşırsa, onlar da qarşılıqlı şəkildə dövlətə dəstək olmalıdırlar. Bu mənəvi rahatlıq verər onlara:  

- Bizim müğənnilər daha çox öz sərvətlərini nümayiş etdirməklə, bahalı villa, ev, avtomobilləri ilə məşhurlaşırlar. Başqalarından nümunə götürsünlər. Tək sənət adamlarına aid deyil bu, ümumiyyətlə imkanlı adamlara aiddir.  Röya gedir icra hakimiyyətinə, orada qarşısında “farağat” dayanırlar, hesabat verirlər. İcra hakimiyyətinə sanki yoxlama aparmağa gəlirmiş kimi getməkdənsə, rayonun hansısa çatışmazlığının həllinə kömək etsin.