Zafer Şahin
Prezident Rəcəb Tayyib Ərdoğan, Azərbaycan səfərindən qayıdarkən jurnalistlərə verdiyi açıqlamada Türkiyədəki əhali artım sürətinə diqqət çəkib:
“Hazırda doğum artım sürətimiz 1,7-dir. Bu, intihar deməkdir. Bu problemi həll etməliyik.”
Ərdoğanın bu sözləri, ölkənin gələcəyi ilə bağlı ciddi demoqrafik təhlükəyə işarə kimi dəyərləndirilir. Rəsmi məlumatlara görə, Türkiyə Statistika Qurumunun (TÜİK) doğum göstəricilərindəki azalma tendensiyası davam edərsə, ölkə əhalisi 2100-cü ilə qədər 55 milyonun altına düşəcək. Üstəlik, bu əhalinin əksəriyyətini yaşlılar təşkil edəcək.
2023-cü ilin göstəricilərinə əsasən, Türkiyənin 81 vilayətindən 71-də doğum səviyyəsi əhalinin özünü yeniləmə həddi olan 2,1-dən aşağıdır; 51 vilayətdə isə bu göstərici 1,5-dən də azdır.
Mütəxəssislər xəbərdarlıq edir: əgər bu meyl dəyişməzsə, yaxın gələcəkdə ölkədə fabriklərdə işləyəcək, orduda xidmət edəcək gənc tapmaq çətinləşəcək və Türkiyə demoqrafik baxımdan tənəzzül dövrünə qədəm qoyacaq.
Malatyada yenidənqurma uğuru
Digər tərəfdən, zəlzələdən ciddi zərər görən Malatyada dövlətin bərpa işləri sürətlə davam edir. Şəhərdə 91 min 210-u mənzil, 12 min 295-i ticarət obyektləri olmaqla 103 min 505 yeni binanın inşası həyata keçirilir.
Malatya Böyükşəhər Bələdiyyə Başçısı Sami Er və vali Səddar Yavuzun sözlərinə görə, indiyədək 43 min 342 mənzilin püşkü çəkilib, 22 min 491 mənzil sahiblərinə təhvil verilib. İl sonuna qədər bu rəqəmlərin daha da artması planlaşdırılır.
6 fevral zəlzələsində ən çox zərər görən şəhərlərdən biri olan Malatya, qısa müddətdə dirçəlmə mərhələsinə keçib. Rəsmi şəxslər bildirirlər ki, şəhərin yenidən qurulması prosesi çətin olsa da, dövlətin və hökumətin dəstəyi ilə Malatya ayağa qalxmaqdadır.