Virtual münasibətlər emosional asılılıq xəstəliyi yaradır - PSİXOLOQ

İnsanlar real sevgini yox, beynində yaratdığı "ideal obrazı" sevir"

Rəqəmsallaşmanın sürətlə artdığı müasir dövrdə insanlar arasında ünsiyyət forması da köklü şəkildə dəyişib. Əgər əvvəllər telefon zəngləri əsas əlaqə vasitəsi sayılırdısa, bu gün qısa mesajlar və yazılı ünsiyyət ön plana çıxır. Xüsusilə gənc nəsil üçün mesajlaşma daha rahat və nəzarət edilə bilən bir ünsiyyət forması kimi qəbul olunur.

Lakin mütəxəssislər xəbərdarlıq edir ki, bu tendensiya münasibətlərdə müəyyən boşluqlar yaradır. Səs tonu, emosional vurğu və canlı ünsiyyətin verdiyi istilik yazışmalarda itir, bu isə bəzən yanlış anlaşılmalara və münasibətlərdə uzaqlaşmaya səbəb olur. Buna görə də, ünsiyyətin hansı formada qurulmasının daha doğru olduğu məsələsi getdikcə daha аktуal mövzuya çevrilir.

Aparılan araşdırmalar göstərir ki, xüsusilə Z nəsli nümayəndələrinin böyük bir hissəsi telefon danışıqlarını stres mənbəyi kimi qəbul edir. Mövzu ilə bağlı fikirlərini bölüşən psixoterapevt Gabrielle Sanderson deyir: “İnsanlar artıq kimsədən telefon zəngi gələndə təəccüblənir, hətta narahat olur. Mesajlaşma o qədər normallaşıb ki, birbaşa səsli ünsiyyət qurmaq sanki "müdaxilə" kimi qəbul edilir.”

Mütəxəssislərə görə, mesajlaşmanın seçilməsinin əsas səbəbi onun yaratdığı nəzarət imkanlarıdır. Lakin bu rahatlıq zonası özü ilə müəyyən risklər də gətirir. Ailə və evlilik terapevti Evon Inyang bildirir ki, mesajlaşma planlaşdırma məsələləri və qısa məlumat yeniləmələri üçün uyğundur, lakin emosional yükü ağır mövzularda yetərsiz qalır və əlavə edir: “Mesajda səs tonu, vurğu və bədən dili yoxdur. Bu çatışmazlıq səbəbindən neytral bir cümlə belə qarşı tərəfdə "soyuq" və ya "laqeyd" kimi qəbul edilə bilər. Cütlüklərin tək bir durğu işarəsinə görə günlərlə davam edən mübahisələr yaşadığına şahid oluruq.”

Evon Inyang ünsiyyət formasını dəyişməyin vaxtının çatdığını göstərən əlamətləri belə izah edir:

"Əgər bir mesajı beş dəfə oxuyub anlamağa çalışırsınızsa, bədəninizdə gərginlik hiss edirsinizsə və ya yazdıqlarınızın səhv başa düşüləcəyindən narahatsınızsa, artıq zəng etməyin vaxtıdır. Səs istilik və səmimiyyət ötürən yeganə vasitədir; bunu qısa mesajla əvəz etmək mümkün deyil.”

Bu mövzuda Sherg.az-a danışan psixoloq Orxan Oruc bildirib ki, virtual münasibətlər müasir dövrdə insanların gündəlik həyatının adi bir hissəsinə çevrilib. Onun sözlərinə görə, virtual münasibətlər insanlara ilkin mərhələdə özünü daha rahat ifadə etmək imkanı verir:

"İnsanlar çox vaxt real insanı deyil, beynində yaratdıqları “ideal obrazı” sevməyə başlayır, bu isə emosional asılılığa və real həyatda münasibət qurmaqda çətinliklərə səbəb ola bilər. Özünü tək hiss etmək, yalnız mesajlara bağlanmaq və real ünsiyyətdən qaçmaq kimi hallar virtual münasibətləri riskli hesab etmək üçün siqnal ola bilər. Real həyatda deməyə çətinlik çəkdikləri sözləri yazışma zamanı daha asan bölüşürlər. Bu səbəbdən bağlılıq prosesi tez başlaya bilər. Lakin burada bir təhlükə var: insanlar çox vaxt real insanı deyil, beynində yaratdıqları “ideal obrazı” sevməyə başlayırlar. Bu bağlılığın müsbət tərəfləri də var. İnsan özünü tək hiss etmir, dəstək görür və ünsiyyət daha rahat olur. Lakin mənfi tərəfləri daha çoxdur. Düşüncələrin dağılması və işlərin yarımçıq qalması, real münasibətlərdən qaçmaq və emosional asılılığın yaranması, yəni insanın əhval-ruhiyyəsinin yalnız mesajlarla tənzimlənməsi, bunlar virtual münasibətlərin riskləridir”.

 Psixoloq qeyd edib ki, virtual münasibət real həyatda münasibət qurmağa mane olur və belə vəziyyətlər psixoloji asılılıq olaraq qiymətləndirilir, ciddi emosional yük yarada bilər.