Yazıçıdan Prezidentə: “Mükəmməl qətiyyətə və iradəyə malik Lidersiniz”

Koronavirus pandemiyası dövründə Azərbaycan əhalisinin sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması, xalqımızın bu bəladan daha az itkilərlə xilas olması istiqamətində gördüyü mühüm işlərə görə Prezident İlham Əliyevə respublikamızın bütün guşələrindən minnətdarlıq məktubları ünvanlanmaqda davam edir.

Gəncədən  Azərbaycan Yazıçılar Birliyinin və Jurnalistlər Birliyinin üzvü, Prezident mükafatçısı Aydın Murovdağlı Liderə məktubunda bildirir:

“Möhtərəm cənab Prezident, Bəşəriyyətin 21-ci yüzilliyin birinci yarısında düçar olduğu, heç bir müasir texnologiya və silahla susdurulması mümkün olmayan, inkişaf etmiş, hər bir super gücə malik olan dövlətlər tərəfindən belə ram edilə bilməyən, böyük insanlığı naçar vəziyyətdə qoyan, yeni əsrin yeni bəlası adlandırılan koronavirusun hökm sürdüyü çox ağır bir məqamda bir ölkə vətəndaşı, ziyalısı olaraq, millətinin, xalqının taleyini hər şeydən üstün tutan, hamının sevimlisinə, ölkə vətəndaşlarının qarantına, uzaqgörən, xeyli dərəcədə tədbirli ölkə başçısına üz tuturam.
Siz bütün dəyərlərə yiyələnən, özü haqqında həmişə yüksək fikir formalaşdırmağa nail olan, humanizmi, mərhəmət hissini, ədalət prinsipini, böyük insan amilini öz şəxsiyyətində cəmləşdirən, intellektual düşüncəyə önəm verən, mükəmməl qətiyyətə və iradəyə malik Lidersiniz. Yaşadığımız bu günlərdə qabaqlayıcı tədbirləriniz, tapşırıqlarınız, son dərəcə mütərəqqi ideyalarınızla bunu bir daha sübut etdiniz. Siz böyük cəsarətlə, inam hissinin gücü ilə nümayiş etdirdiniz ki, insan kapitalı Azərbaycan xalqının timsalında Sizdən ötrü bütün maddi dəyərlərdən üstündür. Məhz Sizin azad, demokratik və müstəqil dövlətimizə ideal rəhbərliyiniz sayəsində dünyanı ağuşuna alan, ölkəmizdən də yan keçməyən, vurğuladığınız kimi, gözəgörünməz düşmən olan koronavirus Azərbaycanda kütləviləşə bilmədi. Xalqla dövlətin monolit, fundamental birliyini inamla ortaya qoya bildiniz. Ona görə də Siz ən böyük mükafata, ən sürəkli alqışlara, ən isti təşəkkürlərə layiqsiniz. Ancaq xalqın sevgisindən, məhəbbətindən böyük mükafat dünyada yoxdur. Siz bu yüksək mükafata dönə-dönə layiq görülmüsünüz.
Azərbaycan xalqının bir sıravi vətəndaşı olaraq mən də öz növbəmdə Sizə təşəkkürlərimi yetirirəm. Fəxr edirəm ki, azərbaycanlıyam, fəxr edirəm ki, Sizin kimi Prezidentim var.
Ulu Tanrı Sizi Qorusun. Yaşasın Müstəqil Azərbaycan, yaşasın Prezident İlham Əliyev”.