Yeni il işıqları quraşdırılır – amma təhlükəsizlik unudulursa...- EKOLOQ

Bayram sevinclə yox, qəza ilə başlaya bilər

Paytaxt yeni ili qarşılamağa hazırlanır. Əksər küçələrdə, meydanlarda, səkilərdə, yol kənarlarında “Yeni il” təbrikləri yazılmış lövhələr, yeni il, qış məzmunlu işıqlar, bəzəklər quraşdırılır. Təhlükəsizlik qaydalarına necə, əməl edilirmi? Son zamanlar paytaxtda ard-arda baş verən faciəli yanğın hadislərini nəzərdən qaçırmasaq, təhlükəsizlik tədbirlərinin nə qədər önəmli olduğu anlaşılacaq. Ekoloq Eldar Şükürov müşahidələri zamanı sakinlərin, quraşdırma prosesində iştirak edən işçilərin də təhlükəsizliyin risk altında olduğunu qeyd edib və ciddi yanaşma tələb edən məsələylə bağlı təkliflərini irəli sürüb: 

- Yeni il işıqları quraşdırılır – amma təhlükəsizlik unudulursa, bayram sevinclə yox, qəza ilə başlaya bilər. Təsəvvür edin: 5 metr hündürlükdə əldəqayırma taxta nərdivan, həm də yolun hərəkət zolağında. Ətrafda heç bir xəbərdarlıq nişanı yoxdur, nə baryer, nə də işarə. Bu sadəcə risk deyil – həyati təhlükədir. Bu halda nə baş verə bilər? Avtomobil nərdivana və işçiyə çarpa bilər. İşçi sürüşərək yıxıla və ciddi xəsarət ala bilər. Yol hərəkəti qəzaya səbəb ola bilər. Şirkət məsuliyyətə cəlb oluna bilər. Üstəlik, bayrama özəl şam ağacları, bayram işıqları lazımi qaydada quraşdırılmırsa, piyadalara, gəzintiyə çıxan sakinlərə də təhlükə yarada, yanğına da səbəb ola bilər. Bəs necə olmalıdır?

E.Şükürov bu qaydalara əməl olunmasını mütləq sayıb: 

- Yol sahəsi müvəqqəti bağlanmalı, xəbərdarlıq nişanları qoyulmalıdır. Taxta nərdivan yox – sabit və sertifikatlı nərdivan və ya manlift - səbət istifadə edilməlidir. İşçi dəbilqə, təhlükəsizlik kəməri, reflektorlu geyimlə təmin olunmalıdır. İş başlamadan əvvəl risk qiymətləndirilməsi və icazə ilə iş proseduru tətbiq olunmalıdır. Şam ağaclarının, bəzək əşyalarının, “yolka” işıqlarının quraşdırılması zamanı naqillərin düzgün və təhlükəsiz bağlanmasına zəmanət olmalıdır.