Abutalıb Səmədov: “Rusiyapərəstlərin qayıdışı sülh sazişini mümkünsüz edər”
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, Bakı ilə Konstitusiya məsələsində anlaşa bilmirlər. Nazirin sözlərinə görə, Azərbaycanın sülh sazişinin imzalanması üçün Konstitusiyanı dəyişmək şərti Ermənistan üçün qəbuledilməzdir: "Onların bu sazişi imzalamaq üçün konkret bir şərti var, bu yanaşmanı bölüşmürük. Biz deyirik ki, sülh artıq mövcuddur, minlərlə məsələ üzrə razılığa gələ bilərik, amma bu məsələ üzrə yox. Onlar deyirlər ki, bizim Konstitusiyamızda problem var, biz isə deyirik ki, belə bir problem yoxdur. Burada qarşılıqlı anlaşma yoxdur". Söhbət Ermənistan Konstitusiyasından Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarının çıxarılmasından gedir. Ermənistan Konstitusiyasında istinad edilən bu ölkənin Müstəqillik Bəyannaməsində Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları yer alır. Rəsmi Bakı haqlı olaraq imzalanacaq sülh sazişinin daha etibarlı və dayanıqlı olması üçün bu məqamın Ermənistan Konstitusiyasından çıxarılmasını tələb edib. Ermənistan Baş naziri Nikol Paşinyan gələn il yeni Konstitusiyanın qəbul ediləcəyini açıqlayıb. Hazırda Ermənistan Konstitusiya İslahatları Şurası yeni Konstitusiyanın mətni üzərində iş aparır. Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan müvafiq istinadın referendumla Konstitusiyadan çıxarılacağını istisna etməyib.
"Alyans" Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Abutalıb Səmədov bildirib ki, Ermənistanda parlament seçkiləri yaxınlaşdıqca, revanşist qüvvələrin hamısı - Kilsə və ənənəvi radikal müxalifət Paşinyana qarşı birləşməyə cəhd edirlər. Ekspert vurğulayıb ki, hələlik, Serj Sarkisyan istisna olmaqla digər qüvvələr birləşmək barədə razılığa gəliblər, artıq birgə çalışırlar:
"Paşinyana tutulan əsas iradlardan biri onun Azərbaycanın və Türkiyənin diktəsi ilə hərəkət etməsi, Konstitusiya dəyişikliyinə Bakının diktəsi ilə getməsi ilə bağlıdır. Təbii ki, məsələnin belə təqdim edilməsi seçkiqabağı Paşinyana, onun partiyasına problemlər yarada bilər. Revanşistlər bunu əllərində bayraq edərək hökumətin nüfuzunu azaltmağa, öz tərəfdarlarının sayını artırmağa çalışırlar. Bu səbəbdən daxili auditoriyanı öz tərəfinə çəkmək üçün İrəvan hökumətinin təmsilçiləri bu gün bəyanatlar səsləndirirlər. Əslində, Azərbaycan tərəfi Paşinyanın seçkilərdən qalib çıxmasında maraqlıdır. Rusiyapərəst qüvvələrin seçkiləri udması indiyədək görülən işlərin hamısını pozar, sülh sazişinin imzalanmasını, Konstitusiyanın dəyişdirilməsini, Zəngəzur dəhlizinin açılmasını hardasa mümkünsüz edər. Ona görə də Ermənistanda revanşistlərin hakimiyyətə yiyələnməsi qətiyyən qəbuledilən deyil".
Siyasi şərhçi əlavə edib ki, Paşinyan hökuməti ona qarşı çıxan qüvvələrin birləşməsinə mane olmaq üçün seçkiləri önə çəkməyi düşünür:
"Ola bilsin, seçkilər bir neçə ay öncəyə çəkilsin. Çünki il ərzində Konstitusiya referendumu da keçirilməlidir. Bu vəziyyətdə biz nə etməliyik? Azərbaycan, Türkiyə və Qərb Paşinyanın qələbəsi üçün nəsə etməlidirmi? Ən azından Rusiya qədər fəallıq göstərmək lazımdır ki, revanşistlərin hakimiyyətə yenidən gəlmək şansları sıfıra düşsün. Başlanan böyük prosesi müsbət sonluqla başa çatdırmaq üçün Paşinyan Ermənistan rəhbərliyində qalmalıdır. Bu səbəbdən Paşinyan və komanda üzvlərinin seçkiöncəsi səsləndirdiyi bəzi bəyanatlara anlayışla, səbrlə yanaşmalıyıq".