Lakin rəsmi İrəvanın Azərbaycanla yenidən müharibəyə başlama ehtimalı olduqca azdır
Son dövrlərdə Cənubi Qafqaz regionunda baş verən proseslər bölgədə güc balansının dəyişdiyini göstərir. Ermənistan silahlanma siyasətini gücləndirərək mövqeyini möhkəmləndirməyə çalışır. Lakin mövcud hərbi və siyasi reallıqlar, eləcə də regiondakı qüvvələr nisbəti bu cəhdlərin uğursuz olacağını göstərir. Azərbaycan isə güclü ordusu, inkişaf etmiş hərbi texnologiyası və strateji tərəfdaşlıqları ilə bölgədə söz sahibi olan dövlətdir. Eyni zamanda, Türkiyə və Türk Dövlətləri Təşkilatının dəstəyi rəsmi Bakının mövqeyini daha da gücləndirir. Bu şərtlər daxilində Ermənistanın hər hansı təxribatçı addımı onun üçün ciddi fəsadlar doğura bilər.
Mövzu ilə bağlı beynəlxalq siyasət üzrə türk ekspert İsmail Cingöz Sherg.az-a açıqlama verib:

"Ermənistanın son zamanlarda xüsusilə silahlanmağa önəm verdiyi açıq şəkildə görünməkdədir. Fransa, Amerika, Yunanıstan, İran və Hindistan kimi ölkələrdən silah tədarük etdiyi məlumdur. Lakin rəsmi İrəvanın Azərbaycanla yenidən müharibəyə başlama ehtimalı olduqca azdır. Çünki İkinci Qarabağ müharibəsində gördülər ki, Azərbaycan ordusu ilə qarşı-qarşıya gəlmək onlar üçün mümkünsüzdür.
Azərbaycan tək deyil, onun yanında qardaş Türkiyə var. Bundan əlavə, Azərbaycanı dəstəkləyən Türk Dövlətləri Təşkilatı kimi güclü birlik də mövcuddur".
Ekspert həm hərbi güc, həm də texnologiya baxımından Azərbaycan ordusunun Ermənistanla müqayisə olunmayacaq qədər üstün olduğunu bildirib:
"Hazırda Ermənistanı silahlandıran qüvvələr əslində bunu öz maddi maraqları üçün edirlər. Ermənistanın aldığı silahlar ona pulsuz verilmir. Bu silahlar pulla satılır və onların maliyyələşdirilməsində erməni diasporası da rol oynayır. Yəni Ermənistanın silahlandırılması bəzi dairələr üçün sadəcə biznes maraqları ilə əlaqəlidir. Bəzi qüvvələr Ermənistanı silahlandıraraq həm pul qazanır, həm də onu sanki müharibəyə hazırlaşdırırmış kimi bir görüntü yaradırlar.
Lakin reallıq odur ki, Ermənistan bir daha bu müharibəni gözə ala bilməz".
Müsahibimiz sonda Ermənistanın yeni mühribə xəyalına düşəcəyi təqdirdə qarşısında təkcə Azərbaycanı deyil, bütün Türk dünyasını görəcəyini və layiqli cavab alacağını söyləyib.