Politoloq: Putin Cənubi Qafqaza doğru irəliləyir

Kreml yenidən imperiya planları qurur, Azərbaycan da risk altındadır
“Bu vəziyyətdə Azərbaycan Türkiyə ilə strateji müttəfiqliyi gücləndirməlidir”
ABŞ Prezidenti Donald Trampın birinci prezidentliyi dövründə milli təhlükəsizlik müşaviri olmuş Con Boltonun Trampın Rusiya Prezidenti Vladimir Putinlə yaxınlığı barədə söylədikləri diqqət çəkib. Con Boltonun fikrincə, Putin Trampın ona dəstək verəcəyinə əmindir. Kreml sahibi bu yolla Rusiya imperiyasını bərpa etməyə çalışır. Con Bolton Vladimir Putinin hazırda danışıqlara tələsmədiyini, çünki döyüş meydanında üstünlük qazandığını düşündüyünü bildirib. Boltonun sözlərinə görə, mövcud vəziyyət Putinə mümkün sülh danışıqlarında daha çox güzəşt qoparmağa imkan verəcək. Keçmiş müşavir bu siyasətin Rusiyaya qonşu olan digər ölkələr üçün də təhlükəli olduğunu bildirib. Onun fikrincə, Putin Ukrayna ilə kifayətlənməyəcək, onun planları daha geniş coğrafiyanı əhatə edəcək. Bolton bu sırada Cənubi Qafqaz, o cümlədən Azərbaycanın adını çəkib: "Rusiya Azərbaycan, Gürcüstan və Ermənistan təsir dairəsində saxlamaq istəyir". 
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Sherg.az-a deyib ki, Con Boltonun söylədiyi kimi, Kremlin Ukrayna müharibəsindən sonra Cənubi Qafqazla bağlı “xüsusi planı” ola bilər. Ekspert qeyd edib ki, Gürcüstanın hazırda Qərblə münasibətlərində soyuqluq mövcud olsa da, Tbilisi Cənubi Osetiya və Abxaziyaya  görə Kremllə diplomatik münasibətləri bərpa etmək istəmir: 
"Rusiya rəsmiləri əlaqələri bərpa etmək məqsədilə Tbilisiyə mesaj göndərməkdə davam edirlər. Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya ilə iqtisadi zəmində bağlı olsa da, hərbi və təhlükəsizlik sahəsində fərqli siyasətə üstünlük verir. Ancaq Baş nazir Nikol Paşinyanın ölkə içində mövqeləri getdikcə zəifləyir və əgər Kreml Ermənistanda növbəti parlament seçkisində erməni tərəfdarlarından birini hakimiyyətə gətirə bilərsə, Moskvanın İrəvanı yenidən forpostu halına gətirməsinə heç nə mane olmayacaq. Bu vəziyyətdə Azərbaycan Türkiyə ilə strateji müttəfiqliyi gücləndirməlidir. Digər tərəfdən Nikol Paşinyan Konstitusiyada zəruri dəyişiklik edib Azərbaycanla sülh sazişi imzalayarsa, Rusiyanın Cənubi Qafqaza təsirini minimuna endirmək mümkün olacaq və bu halda Boltonun proqnozu özünü doğrultmayacaq".