Asəf Quliyev: Hansısa erməninin rus pasportu varsa, Rusiyaya gedə bilər 

Qarabağda yaşamış ermənilərdən qayıtmaq istəyənlər mütləq Azərbaycan vətəndaşlığını qəbul etməlidirlər
"Ermənilər Azərbaycanın Qarabağ İqtisadi Rayonuna qayıtmağa hazır deyillər".
Teleqraf xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyasının deputatı Lilit Minasyan bildirib.
Ermənistan müxalifətinin ermənilərin Rusiya pasportu ilə Qarabağa gedib yaşamağa hazır olub-olmaması ilə bağlı onlayn apardığı sorğular barədə suala deputat belə cavab verib: “Onların halına acıyıram. Hələ də Rusiya pasportuna bel bağlayan müxalifətimiz var. “Bunu necə edə bilərlər? Belə də alçaqlıq olar?”.
Minasyanın sözlərinə görə, heç bir erməni Qarabağda yaşamağa hazır deyil və belə bir şey mümkünsüzdür.
Hakim partiyanın üzvü müxalifətin Ermənistan-Azərbaycan sülh razılaşması və Zəngəzur dəhlizi ilə bağlı saxta tezislərinin də alt-üst olduğunu qeyd edib: “Müxalifət hər dəfə saxta tezislər irəli sürəndə ortalığa sənədlər çıxır və onların bu saxta iddiaları alt-üst olur. Biz hara getdiyimizi dəqiq bilirik”.
Xatırladaq ki, ermənilər 2023-cü ilin payız aylarında könüllü olaraq Azərbaycanın bu bölgəsini tərk ediblər.
Mövzunu şərh edən araşdırmaçı-jurnalist Asəf Quliyev Sherg.az-a bildirib ki, Qarabağdan könüllü köçmüş ermənilərin geri qayıtması hazırda mümkün görünmür: 
“Bu, ilk növbədə ermənilərin illərlə özlərinə aşıladığı stereotiplərlə bağlıdır. Bu stereotip ondan ibarətdir ki, ermənilərlə azərbaycanlılar dinc yanaşı yaşaya bilməz. Bu, məsələnin birinci və bizdən asılı olmayan tərəfidir. Əgər ermənilər Qarabağa qayıtmaq istəyirlərsə, ilk növbədə şüurlarında yenilənmə etməlidirlər. Məsələnin ikinci tərəfi isə ondan ibarətdir ki, hansısa ikinci, üçüncü və ya N-inci dövlətin pasportu Azərbaycan üçün heç bir əhəmiyyət kəsb etmir. 1988-ci ilə qədər Qarabağda yaşamış ermənilərdən kimsə Azərbaycana qayıtmaq istəyirsə bunun bir şərti var - Azərbaycan vətəndaşlığını qəbul etmək və Azərbaycan Respublikasının digər vətəndaşları kimi Şəxsiyyət Vəsiqəsi almaq. 
Ermənistan cəmiyyətində belə müzakirələr Azərbaycan üçün heç bir əhəmiyyət kəsb etmir. Bu, sadəcə daxili siyasi proseslərdə istifadə olunan tryuklardı. 
O ki qaldı Rusiya pasportu ilə geri qayıtmaq iddiasına, bu, Rusiyanın Ermənistandakı 5-ci kolonunun suyu bulandırmaq cəhdidir. Hansısa erməninin Rusiya pasportu varsa, qoy getsin Rusiyaya”.