Rusiyanın Ermənistan cəmiyyətində reytinqi yaxşı deyil
Moskva Paşinyanı zorla devirməyə cəhd göstərsə, Rusiya avtomatik olaraq bütün Ermənistanı itirəcək
Rusiyada səfərdə olan Ermənistanın Baş naziri Nikol Paşinyan Prezident Vladimir Putinlə görüşüb. Paşinyan bildirib ki, Ermənistan özünə uyğun olan kiçik modul tipli atom layihələri axtarır və bu məsələdə Rusiya ilə aktiv dialoq aparır. Baş nazir deyib ki, "Rosatom" korporasiyası ilə də səmərəli əməkdaşlıq mövcuddur. Bu gün biz atom texnologiyaları barədə çox yeni məlumatlar əldə etdik və sizin paylaşdığınız bilgilərə görə təşəkkür edirik. Ermənistan üçün də atom energetikası olduqca önəmlidir. Paşinyanın sözlərinə görə, rəsmi İrəvan hazırda Ermənistan Atom Elektrik Stansiyasının istismar müddətini 2036-cı ilə qədər uzatmaq üzərində çalışır. Paşinyan iki ölkə arasındakı ticarət dövriyyəsinə də diqqət çəkərək qeyd edib ki, bu il müəyyən azalma müşahidə olunub: "Bu, qlobal proseslərlə bağlıdır. Amma qarşılıqlı ticarətin 2023 və 2024-cü illərdəki templə artmasını davam etdirmək üçün bu istiqamətdə işləmək vacibdir". Görüş çərçivəsində tərəflər enerji və iqtisadi əməkdaşlığın gələcək perspektivlərini müzakirə ediblər. Rusiya Prezidenti V.Putin də öz növbəsində bildirib ki, iki ölkə arasında əlaqələr inkişaf edir: "11 milyard dollara yaxın ticarət dövriyyəmiz var. Statistik məlumatlarımıza görə, 2024-cü ildə Ermənistanla 11,7 milyard dollarlıq ticarət dövriyyəmiz olub ki, bu da rekord göstəricidir. Bütün digər istiqamətlərdə də əlaqələr inkişaf edir. Bizim həmişə danışacaq mövzularımız var". Xatırladaq ki, Paşinyan Rusiya prezidentindən öncə Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşüb. Liderlər ikitərəfli münasibətləri və regionda baş verənləri müzakirə ediblər.
Millət vəkili Tural Gəncəliyev Sherg.az-a açıqlamasında deyib ki, Rusiya açıq şəkildə Nikol Paşinyan hökumətinə təzyiq edir. Deputata görə, əslində, proses Rusiyanın əlində olsaydı, Paşinyanı uzaqlaşdırıb, hakimiyyətə daha loyal şəxsin gətirilməsini istəyərdi:

"Rusiya Ermənistanda hökuməti devirmək yönündə hansı addımı atsa, Paşinyan dərhal çox sərt reaksiya verir, qabaqlayıcı tədbir görür. Məsələn, Kilsənin fəallaşması, Samvel Karapetyanın meydana sürülməsi və həbsi buna misaldır. Erməni ictimaiyyəti də ciddi mənada Kilsəni, Rusiyaya bağlı revanşist dairələri dəstəkləmir. Rusiyanın başı Ukraynaya qarışıb. Vəziyyət kifayət qədər gərgindir, hərbi eskalasiya riski artır. Belə şəraitdə Moskva Paşinyanı zorla devirməyə cəhd göstərsə, Rusiya avtomatik olaraq bütün Ermənistanı itirəcək, ictimaiyyətdə düşmən imici formalaşacaq. Onsuz da ümumi anlamda Rusiyanın Ermənistan cəmiyyəti arasında reytinqi yaxşı deyil. Amma istənilən halda daxili kluarlarda müxtəlif yollarla Paşinyana təzyiq ediləcək ki, İrəvan hökuməti ABŞ və Avropa ilə daha sıx əməkdaşlıq içində olmasın. Həmçinin, qapalı görüşlərdə Zəngəzur dəhlizi ilə bağlı da təzyiqlər edilə bilər. Rusiya aşkar şəkildə Ermənistanı nəyəsə məcbur edə bilməz, çünki resursları, imkanları əvvəlki səviyyədə deyil. Lakin Paşinyan seçki öncəsi Rusiyadan, şimaldan gələcək təhlükələrin fərqindədir".
Parlament üzvü Paşinyanın Belarus Prezidenti A.Lukaşenko ilə görüşünü də şərh edib:
"Məncə, Putin çox xoşagəlməz məsələləri məzh Lukaşenko vasitəsilə öncə Paşinyana çatdırıb. Fikir verirsizsə, adətən, Lukaşenko-Putin görüşlərindən sonra Belarus rəhbəri çox sərt şəkildə Qərbin, Avropanın ünvanına Kreml rəhbərinin açıq şəkildə demədiyi fikirləri çatdırır. Görünür, Putin Paşinyanla görüşdən öncə Lukaşenko vasitəsilə müəyyən şərtlərini gündəmə gətirib. Belarus Azərbaycana yaxın, dost ölkədir. KTMT-də vaxtı ilə Ermənistan tərəfindən Azərbaycana qarşı qaldırılmış bütün destruktiv təşəbbüslərin qarşısını məhz Belarus alırdı. Paşinyan Belarusla münasibətlərinə yenidən baxmaq qərarına gəlib. Çünki müharibə bitib. Əgər yaxında sülh müqaviləsi imzalanacaqsa, niyə Minsk İrəvanla münasibətlərini gözdən keçirməsin?! Sülh sazişindən sonra Ermənistanın Türkiyə başda olmaqla bir çox ölkə ilə münasibətləri qurulacaq. İrəvan sülh gündəliyinə sadiq qalarsa, Azərbaycan öz müttəfiqlərinin Ermənistanla əlaqələr qurmasına qarşı çıxmayacaq".