Gürcüstan MSK Kaxa Kaladzenin Tbilisinin meri seçildiyini rəsmən elan edib

Gürcüstan Mərkəzi Seçki Komissiyası (MSK) Tbilisinin hazırkı meri Kaxa Kaladzeni oktyabrın 4-də keçirilən seçkilərin qalibi elan edib.

AZƏRTAC xəbər verir ki, Kaxa Kaladze üçüncü dəfə mer vəzifəsinin icrasına rəsmi olaraq oktyabrın 29-da başlayacaq.

Seçkilərin yekun nəticələrinə görə, K. Kaladze 215 min 363 səs toplayıb və birinci turda 71,677 faiz səslə qalib gəlib.

Seçkilərdə Tbilisidə 1 milyon 43 min 482 seçicidən 324 min 798 nəfəri səs verib.

Tbilisinin məşvərət orqanı olan Sakrebuloya seçkilərə gəlincə, hakim partiya proporsional və majoritar seçkilər vasitəsilə 50 yerdən 45-ni qazanaraq çoxluğu təmin edib.

Qalan beş yerdən 2-ni "Güclü Gürcüstan-Lelo", 2-ni "Girçi", 1-ni isə "Gürcüstan üçün Mühafizəkarlar" partiyaları qazanıblar.