Aİ üçün ən qısa və ən səmərəli marşrut məhz Zəngəzur-Tramp yoludur -ŞƏRH

Avropa İttifaqı (Aİ) Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olmasında maraqlı tərəf kimi çıxış edir. 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ arasında imzalanan sənədlərdən sonra Aİ bu təşəbbüsləri müsbət qiymətləndirərək bölgədə kommunikasiya xətlərinin açılmasına dəstəyini ifadə edib. Aİ-nin Ermənistandakı səfiri Vasilis Maraqos bildirib ki, İttifaq "Tramp yolu" kimi tanınan Zəngəzur dəhlizinin açılması üçün öz alətlərini təqdim etməyə və prosesi təşviq etməyə hazırdır. Bu layihə Aİ ilə Orta Asiya arasında daha səmərəli nəqliyyat və enerji əlaqələrinin qurulmasına imkan yaradaraq, Xəzər hövzəsinin karbohidrogen və mineral ehtiyatlarına çıxışı asanlaşdıracaq. Bu baxımdan görünən odur ki, Aİ həm siyasi, həm də iqtisadi dəstəyini davam etdirməyə sadiq olduğunu göstərir.
Politoloq Yusif Bağırzadə Sherg.az-a açıqlamasında Avropa İttifaqının (Aİ) Cənubi Qafqazda, xüsusilə də Azərbaycanla Ermənistan arasında 8 avqustda Vaşinqtonda keçirilən görüşdən sonra kifayət qədər pozitiv bəyanatlar verdiyini söyləyib:
"Aİ maraqlıdır ki, Azərbaycanla Ermənistan arasında sülh sazişi kontekstində Zəngəzur dəhlizi-bəzi mənbələrdə "Tramp yolu" adlandırılan kommunikasiya xətti açılsın. Bu, bölgə və ümumilikdə dünya üçün əhəmiyyətli kommunikasiya marşrutlarından biri hesab olunur. Son illər Aİ-nin Orta Asiya respublikaları ilə bir sıra görüşləri keçirilib. Təxminən ondan əvvəl 10 milyard avro, sonuncu dəfə isə 12 milyard avro həcmində Aİ Orta Asiya ölkələrinə investisiya qoyub.
Aİ üçün ən qısa və ən səmərəli marşrut məhz Zəngəzur-Tramp yoludur. Aİ bu yolun açılmasında maraqlıdır. Çünki bu yolla Orta Asiya respublikaları ilə Avropa İttifaqı arasında davamlı nəqliyyat və enerji kommunikasiya xətləri qurula bilər. Beləliklə, Aİ-yə üzv dövlətlər Xəzər hövzəsinin karbohidrogen ehtiyatlarına-Türkmənistan qazına, Qazaxıstan neftinə, eləcə də Azərbaycan neft və qazına daha asan çıxış əldə edəcəklər". 
Ekspert Orta Asiya ölkələrinin, xüsusilə Qazaxıstan və Özbəkistanın mineral ehtiyatlarının da Avropaya nəqlinin mümkün olacağını bildirib:
"Bu səbəbdən Aİ bu məsələdə həm siyasi, həm də iqtisadi dəstəyini göstərməkdə maraqlıdır və böyük ehtimalla bu dəstəyi gələcəkdə də davam etdirəcək".