Alternativi müharibədir: Paşinyan 2026-cı seçkilərinə sülh bayrağı ilə gedir

Natiq Miri: “Qarabağ klanı, kilsə və rusiyameyilli milyarderlər sülhü pozmaq üçün səfərbər edilib” 
"Əminəm ki, Ermənistan xalqı indiyə qədər əldə etdiyimiz nailiyyətləri dəstəkləyəcək. Şübhə etmirəm ki, Ermənistan vətəndaşları sülh gündəliyini və sülh prosesini dəstəkləyəcəklər". Bunu Ermənistan Baş naziri Nikol Paşinyan gələn il keçiriləcək parlament seçkilərindən danışarkən bildirib. Baş nazir vurğulayıb ki, bu, böyük əhəmiyyətə malik siyasi hadisədir və sülh prosesinin, həmçinin gələcək rifah və sabitliyin təminatı baxımından vacibdir: "Bu, təkcə Ermənistanla Azərbaycan arasındakı ikitərəfli münasibətlərdə deyil, həm də bütövlükdə regionumuz üçün tarixi bir dəyişiklikdir". Paşinyan erməni xalqının indiyədək əldə etdiklərini dəstəklədiyindən əminliyini bildirib: "Heç şübhə etmirəm ki, Ermənistan vətəndaşları sülh gündəliyini və sülh prosesini dəstəkləyəcəklər".
Politoloq Natiq Miri deyib ki, Ermənistanda revanşistlər Azərbaycan və Ermənistan arasında sülhün əldə olunmasının birmənalı əleyhinədir. Ekspertə görə, onlar hər cür vəchlə çalışırlar ki, sülh prosesinə əngəl olsunlar:
 "Eyni zamanda Zəngəzur dəhlizinin açılmamasına nail olmaq istəyirlər. Erməni diasporu, revanşistlər sülh yolunda süni əngəllər yaratmağa çalışırlar. Ermənistan cəmiyyəti isə sülh məsələsində maraqlıdır. Sülhün bərqərar olması erməni analarının övladlarının ölməməsi anlamına gəlir. Bu, ictimai rəydə birmənalı olaraq qəbul edilir. İrəvanda aparılan sosioloji sorğular da göstərir ki, erməni xalqının əksəriyyəti sülhdən yanadır. Ermənistan ictimaiyyəti bu istəyini 2021-ci ildə məğlub Baş komandan Nikol Paşinyana yenidən etimad göstərməklə, növbədənkənar seçkilərdə ona səs verməklə ortaya qoyub. Paşinyana ona görə növbəti mandat verildi ki, baş nazir xalqa sülh vəd etmişdi. Bu gün Azərbaycan-Ermənistan arasında sülh mühiti sadəcə kağız üzərində, sözdə deyil. Artıq bu istiqamətdə çox ciddi, praktiki addımlar atılır. Azərbaycan Ermənistana yüklərin daşınması ilə bağlı məhdudiyyəti aradan qaldırdı. Ermənistan özü artıq tranzit ölkəyə çevrilməkdədir. Orta Dəhlizin Zəngəzurdan keçən qolu açıldığı təqdirdə Ermənistanın geosiyasi və geostrateji əhəmiyyəti artacaq. Bu, ticarət-nəqliyyat arteriyalarından birinə çevriləcək. Bunlar sülhün birmənalı göstəricisidir. Paşinyan özündən əmin olduğuna görə sülhlə bağlı bəyanatlar verir, "sülhün artıq əldə olunduğunu" deyir. 
Analitik qeyd edib ki, 2026-cı ildə erməni xalqı "sülh, ya müharibə" sualına cavab verəcək, öz seçimlərini edəcəklər:
 "Paşinyan sülh bayrağı ilə parlament seçkilərinə gedir. Bunun alternativi müharibədir. Müharibə istəyənlər də Rusiyanın dəstəklədiyi revanşist qüvvələrdir. Kilsə də daxil olmaq şərti ilə "Qarabağ klanı", Moskvada fəaliyyət göstərən və kriminal böyük maliyyələr qazanan milyarderlər, o cümlədən həbsdə olan S.Karapetyan parlament seçkiləri üçün səfərbər edilib. Rusiya Moldovada uğradığı məğlubiyyəti Ermənistanda kompensasiya etmək niyyətindədir. Sülhü vəd edən yeganə dövlət adamı N.Paşinyandır. Bütün alternativlər yeni müharibə anlamına gəlir. Zamanında Gürcüstanda M.Saakaşvilini devirən B.İvanaşvilinin milyardları bu gün Ermənistanda dövriyyəyə buraxılacaq. Ancaq Ermənistanda situasiya Gürcüstandan fərqlidir. Erməni xalqı qarşısında seçim çox və çətin deyil. Bir tərəfdə sülh, əmin-amanlıq, təhlükəsizlik, digər yanda müharibə, ölüm, blokadadır. Erməni anaları sülhə səs verəcəklər".