Analitik: Ermənistan ABŞ-la əlaqələrin bərpasına maraqlıdır

Vensin gözlənilən səfəri də ABŞ-nin bu məsələlərə ciddi yanaşdığını nümayiş etdirir

ABŞ-Ermənistan münasibətlərində yeni bir dövrün başlanması gözlənilir. 

Erməni politoloq Suren Sərkisyanın sözlərinə görə, “Gələn ilin əvvəli Ermənistanda ABŞ siyasətinin həyata keçirilməsi baxımından son dərəcə aktiv olacaq”. Onun məlumatına görə, fevralda çox yüksək vəzifəli bir ABŞ məmurun Ermənistana səfəri gözlənilir. Sərkisyan, həmçinin prezident Donald Trampın yolunun rəsmi olaraq açıla biləcəyini istisna etmir. Bu kontekstdə səfirin geri çağırılması ilə bağlı məlumatlar da xüsusi maraq doğurur. Ekspert qeyd edib ki, səfirin yüksək vəzifəli məmurun səfəri zamanı fəaliyyətini davam etdirib-etdirməyəcəyi, yoxsa onun yerinə müvəqqəti işlər vəkilinin təyin olunacağı önəmli məsələdir, çünki qısa müddət ərzində yeni səfirin təyin olunma ehtimalı demək olar ki, sıfırdır.

Politoloq Zeynal Əmrəliyev Sherg.az-a açıqlamasında həmin yüksək vəzifəli ABŞ rəsmisinin ABŞ vitse-prezidenti Devid Vensin olacağını söyləyib:

"Ermənistana konkret olaraq ABŞ-nin vitse-prezidenti Vensin səfəri gözlənilir. Bu barədə erməni mətbuatında məlumatlar yayılıb. Səfər zamanı əsas mövzu ABŞ-Ermənistan iqtisadi əlaqələri olacaq. Məlum olduğu kimi, Brüsseldə keçirilən üçtərəfli format və 2024-cü ildə Belçikada Avropa İttifaqı ilə keçirilən görüşlərdə ABŞ və Avropa İttifaqı ilə Ermənistan arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi üzrə razılaşmalar əldə olunub. Bu razılaşmalara uyğun olaraq, ABŞ-Ermənistan iqtisadi əlaqələrinin daha da dirçəldilməsi gözlənilir. Səfərin əsas məqsədlərindən biri də Ermənistanda müxtəlif layihələrin ABŞ-nin icrasını təmin etmək və Ermənistanın Qərbə inteqrasiya prosesini sürətləndirməkdir. Bu baxımdan, ABŞ Ermənistanın Qərbə yaxınlaşmasını dəstəkləyəcək".

Analitik Devid Vensin İrəvan səfəri zamanı Paşinyan hökuməti ilə keçiriləcək görüşlərin iki ölkə arasında iqtisadi və siyasi əlaqələrin gücləndirilməsi baxımından əhəmiyyətli olduğunu bildirib:

"İqtisadi əməkdaşlığın genişləndirilməsi, siyasi dialoqun yüksək səviyyədə aparılması və Ermənistanın beynəlxalq təşkilatlarda Qərbə inteqrasiyasının sürətləndirilməsi əsas mövzular olacaq. Məlum olduğu kimi, Ermənistan hazırda Rusiyanın təsir dairəsindən çıxmağa çalışır və Rusiyanın orbitindəki təşkilatlarda passiv iştirak edir. Düzdür, Nikol Paşinyan MDB dövlət başçılarının qeyri-rəsmi formatında Sankt-Peterburqda iştirak edir. Lakin faktiki olaraq Ermənistan Rusiyanın əsas təşkilatlarında, məsələn, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Avrasiya İqtisadi Birliyi kimi qurumlarda fəaliyyətini dondurub. Bütün bu faktorlar göstərir ki, Ermənistan Qərbə yaxınlaşma xəttini götürüb və ABŞ-la əlaqələrin bərpasına maraqlıdır. Vensin gözlənilən səfəri də ABŞ-nin bu məsələlərə ciddi yanaşdığını nümayiş etdirir".