Analitik: Rusiya Paşinyanı devirməkdə maraqlıdır

Baş naziri və komandasını yaxın aylarda gərgin mübarizə gözləyir
“Mübarizənin pik nöqtəsi də parlamentdə keçirilən seçkilər olacaq"
 
Ermənistan parlamentinin spikeri Alen Simonyan brifinqdəki çıxışı zamanı daha bir anti-Rusiya bəyanatı səsləndirib. O, Moskvanın ölkəsinə qarşı gizli müharibə apardığını, vaxtaşırı bu istiqamətdə xaricdən maliyyələrin aktivləşdirildiyini deyib. Tədbirdə iştirakçılar arasında erməni soyadlı rusiyalı ekspertlər də olub. “Hraparak” qəzeti yazıb ki, Simonyan sözügedən bəyanatı Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinlə görüşdən dərhal sonra verib: “Maraqlıdır, Kopırkin Simonyana nə çatdırıb ki, onun son vaxtlar  yumşaltdığı anti-Rusiya ritorikası sərtləşib. Görüşlə bağlı cüzi rəsmi məlumat var. Amma həmsöhbətlərin müzakirələrində ikitərəfli, eləcə də parlamentlərarası əlaqələrlə bağlı mövzular ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin, Rusiya Şurasının sədri Valentina Matviyenkonun İrəvana gözlənilən rəsmi səfəri də gündəmdə olub”. Xatırladaq ki, Matviyenkonun səfəri ötən ilin sonunda gözlənilsə də, naməlum səbəblərdən təxirə salınmışdı. Son məlumatlara görə, o, iyunda Ermənistana gələcək.
"Alyans" Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Abutalıb Səmədov Sherg.az-a deyib ki, Rusiya səfirinin Ermənistan parlamentinin sədri ilə görüşdə nələri müzakirə etməsinin təfərrüatları məlum deyil. Ekspertin sözlərinə görə, bir şey məlumdur ki, Rusiyanın diplomatları bəzən görüşlər zamanı qarşı tərəfi açıq dillə hədələmək taktikasından istifadə etməyə çalışırlar:
 "1993-cü ilin aprelində Kəlbəcər işğal ediləndən sonra Azərbaycan hakimiyyət nümayəndələri ilə görüşdə də rusiyalı diplomatlar xəbərdarlıq edirdilər ki, Kəlbəcərin işğalından sonra elə hadisələr baş verə bilər ki, AXC-Müsavat hakimiyyəti özünü qoruya bilməsin. Görünür, Sergey Kopırgin də eyni üsuldan edib və Rusiyanın Ermənistana qarşı edə biləcəklərini Simonyana xatırladıb. Ermənistanın Rusiyadan iqtisadi asılılığı parlament rəhbərinin diqqətinə çatdırılıb. Digər tərəfdən Rusiyanın seçkilərə müdaxilə imkanlarını xatırladıb. Ola bilsin, Alen Simonyan xəbərdarlıq görüşündən sonra Rusiyanın hibrid müharibə apardığını, daxildə revanşist qruplara yardım göstərdiyini söyləmək məcburiyyətində qalıb. Mitinqlərin təşkilində, Paşinyan hakimiyyətinin zorakılıqla devrilməsində Rusiyanın maraqlı olması barədə danışıb ki, bu da heç kimə sirr deyil". 
A.Səmədov qeyd edib ki, Rusiya Paşinyan hakimiyyətinin dəyişməsində maraqlıdır: 
"Kreml çox istəyərdi ki, Köçəryan kimilərini yenidən hakimiyyətə gətirsin. Ancaq Köçəryanın Ermənistana heç bir nüfuzu yoxdur. 2026-cı ildə hakimiyyətin dəyişməsi üçün Rusiya əlindən gələni edəcək. Rusiyalı diplomatlar da bunu gizlətmir və hər fürsətdə açıq dilə gətirirlər. Ermənistan hakimiyyəti də bunu bildiyini və mübarizəyə hazır olduğunu bəyan edir. İrəvan vurğulayır ki, Rusiya qarşısında geri çəkilmək niyyətində deyil. Qərbə yaxınlaşmaq xəttindən imtina etməyəcəklər. Rusiyanın məqsədləri Ermənistan hakimiyyətinə yaxşı məlumdur. Bir sözlə, Paşinyan və komandasını yaxın aylarda gərgin mübarizə gözləyir. Mübarizənin pik nöqtəsi də parlamentdə keçirilən seçkilər olacaq".