Avropa İttifaqı Ermənistana 12 milyon avro ayıracaq

Avropa İttifaqı Ermənistanın 2026-cı ilin yayında keçiriləcək parlament seçkiləri ərəfəsində mümkün hibrid hücumlara qarşı dayanıqlığının artırılmasına və ölkənin kibertəhlükəsizliyinin möhkəmləndirilməsinə dəstək göstərməyə hazırdır.

Teleqraf xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) genişlənmə üzrə komissarı Marta Kos Brüsseldə erməni jurnalistlərlə görüşü zamanı bildirib.

"Moldova təcrübəsi göstərir: Rusiya dezinformasiya kampaniyaları və kiberhücumlar vasitəsilə seçki prosesinə müdaxilə etməyə çalışıb. Oxşar risklər Ermənistanda da mövcud ola bilər və buna görə Brüssel vaxtında preventiv dəstək vermək niyyətindədir",- o vurğulayıb.

Marta Kos qeyd edib ki, Avropa İttifaqı Ermənistanın hibrid təhdidlərə qarşı mübarizəsinə 12 milyon avro ayırmağa hazırdır:

"Bu dəstək müvafiq institutların imkanlarını artırmağa, təhdidləri qabaqcadan müəyyən etməyə və onlara operativ reaksiya göstərməyə imkan verəcək".

Aİ rəsmisi deyib ki, ayrılacaq vəsait yalnız Ermənistan hökumətinə yönəlməyəcək:

"Bu proqramdan vətəndaş cəmiyyəti və media nümayəndələri də yararlana biləcəklər, çünki hibrid təhdidlərə qarşı mübarizədə onların rolu xüsusi əhəmiyyət daşıyır. Effektiv nəticə əldə olunması üçün Ermənistan hökumətinin prosesə fəal şəkildə cəlb olunması vacibdir. Ölkədə müvafiq institutların mövcudluğu və onların daim işlək halda olması hibrid hücumlara qarşı adekvat cavab üçün əsas şərtdir".