Bakıya gələn Ermənistan vətəndaş cəmiyyətinin nümayəndələrinə İrəvan Mətbuat Klubunun prezidenti Boris Navasardyan, politoloqlar Areq Koçinyan, Narek Minasyan, Samvel Meliksetyan və hüquq müdafiəçisi Naira Sultanyan daxildir.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.
Məlumatda bildirilib ki, noyabrın 21-22-də Ermənistandan 5 ekspert dəyirmi masada iştirak etmək üçün Azərbaycanın paytaxtında olacaq. Bu məqsədlə Ermənistan hökuməti İrəvan-Bakı və Bakı-İrəvan çarter reyslərinin təşkili üçün təxminən 18 milyon dram ayırıb. Müvafiq qərar dünən Ermənistan hökumətinin iclasında qəbul edilib.
Teleqraf bundan öncə məlumat vermişdi ki, noyabrın 21-də Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət qrup Azərbaycan paytaxtına səfər edib. Bu səfər 21-22 oktyabr tarixlərində Azərbaycan nümayəndə heyətinin Ermənistan paytaxtına səfərinə cavab olaraq həyata keçirilir.
Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələri avqustun 8-də Vaşinqtonda qəbul edilmiş Birgə Bəyanatdan sonra müəyyənləşdirilmiş sülh gündəliyi çərçivəsində dialoqu davam etdirirlər.