Ermənistan və Gürcüstan dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası prosesinin davam etdirilməsi ilə bağlı razılığa gəliblər.
Sherg.az Globalinfo.az-a istinadən xəbər verir ki, noyabrın 6-da İrəvanda iki ölkənin sərhəd məsələləri üzrə komissiyalarının görüşü keçirilib.
Danışıqlara Ermənistan xarici işlər və beynəlxalq ticarət nazirinin müavini Vahan Kostanyan və Gürcüstan xarici işlər nazirinin müavini Laşa Darsaliya həmsədrlik ediblər.
Görüş zamanı tərəflər bir neçə illik fasilədən sonra komissiyaların fəaliyyətinin bərpasını müsbət qiymətləndiriblər. Həmçinin dövlət sərhədinin delimitasiyası prosesinin davam etdirilməsinin iki ölkə arasında mehriban qonşuluq münasibətlərinin möhkəmləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb.
Tərəflər sərhədlərin müəyyənləşdirilməsi prosesinin davamlı dialoq və konstruktiv əməkdaşlıq əsasında yekunlaşdırılmasında maraqlı olduqlarını bildiriblər.
İclasda, həmçinin prosesin hüquqi əsasları, əvvəllər razılaşdırılmış protokollar və gələcəkdə atılması mümkün əlavə addımlar müzakirə edilib. Komissiyaların növbəti fəaliyyət istiqamətləri barədə də fikir mübadiləsi aparılıb.