Ermənistanda çevriliş çağırışı olan media kontentlər qadağan ediləcək

Ermənistanda xarici televiziya və radio proqramlarının hakimiyyətin zorla devrilməsinə çağırışlar və ölkənin daxili siyasi həyatına müdaxilə cəhdləri ehtiva edən kontentinin yayılması qadağan olunacaq.

"Report" xəbər verir ki, bu, Yüksək Texnologiyalar Sənayesi Nazirliyinin bəyanatında yer alıb.

Ermənistanın yüksək texnologiyalar sənayesi naziri Mxitar Ayrapetyan bildirib ki, dekabrın 25-də hökumətin iclasında "Audiovizual media haqqında" Qanuna dəyişikliklər və əlavələr edilməsi haqqında qanun layihəsi təsdiqlənib.

Qanun konstitusiya quruluşunun zorla devrilməsinə, Ermənistanın daxili siyasi həyatına müdaxiləyə, müharibəni qızışdırmağa, zorakılıq və qəddarlıq təbliğatına yönələn və ya digər oxşar məqsədlər daşıyan kontentin yayılmasını qadağan edəcək.

Qanun layihəsində şəbəkə operatorlarının lisenziyalarının dayandırılması və ləğv edilməsinin hüquqi əsasları, meyarları və tətbiqi mexanizmləri dəqiqləşdirilir. Həmçinin, audiovizual proqram distributorlarının fəaliyyətinə dair tələblər də nəzərdən keçirilib və redaktə olunub.