Ermənistanda yeni müzakirə: Azərbaycandan neft alacağıq, qiymətlər ucuzlaşacaq

Azərbaycandan neft idxalı Ermənistanda yanacağın qiymətini ucuzlaşdıra bilər.

Teleqraf xəbər verir ki, bunu erməni jurnalist Arşaluys Mqdesyan deyib.

Jurnalist qeyd edib ki, Ermənistanın pərakəndə satış bazarında benzin və dizel yanacağı Azərbaycandakı bazar qiymətlərindən iki dəfə bahadır.

“Dünyanın müxtəlif şəhər və ölkələrində yanacağın qiymətləri (benzin, dizel) ilə bağlı yenilənmiş və müqayisəli məlumatları təqdim edən “GlobalPetrolPrices”in məlumatına görə, 2025-ci ilin dekabr ayında yanacaq bazarının orta qiymət mənzərəsi belədir:

Ermənistan

1 litr benzin - 1,36 dollar

1 litr dizel yanacağı - 1,31 dollar

Azərbaycan

1 litr benzin - 0,6 dollar

1 litr dizel - 0,5 dollar

Ermənistanda yanacağın qiymətləri, əsasən, bazarın oliqopoliyalaşması və baha başa gələn maddi-texniki çətinliklər səbəbindən həmişə qonşu ölkələrlə müqayisədə yüksək olub”.

Mqdesyan hesab edir ki, coğrafi yaxınlıq səbəbindən Azərbaycandan Ermənistana neftin daşınması ucuz başa gələcəyi üçün bu, daxili bazarda qiymətlərə də təsir göstərə bilər:

“Hesablamalara görə, dəmir yolu ilə Azərbaycandan Gürcüstan vasitəsilə Ermənistana yanacağın daşınmasının ümumi dəyəri orta hesabla təxminən 0,05 ABŞ dolları qiymətləndirilir, amma mövsüm və tankerlərdən asılı olaraq real bazar qiyməti 0,03 dollardan 0,12 dollara qədər geniş diapazonda dəyişir. Tona çevrildikdə, bu, orta hesabla 65-70 dollardır və tam diapazon 40 dollardan 160 dollara qədərdir. Ancaq bir şey artıq aydındır. 2025-ci ilin noyabrında Rusiya və Qazaxıstan buğdasının Azərbaycan vasitəsilə uğurlu dəmir yolu tranziti yanacaq tədarükü məsələsini nəzəri müzakirələr müstəvisindən praktiki müstəviyə keçirib. Bu təcrübə Ermənistanı təchiz etmək üçün Azərbaycan infrastrukturundan istifadənin həm texniki, həm də siyasi məqsədəuyğunluğunu göstərdi.

Onu da unutmaq olmaz ki, Azərbaycanla birbaşa əlaqənin bərpası Ermənistanın logistik xərclərini daha da azaldacaq, ölkənin əlaqə imkanlarını artıracaq və alternativ təchizat variantları yaradacaq.

Həmçinin, 2025-ci ilin sonundan etibarən üçüncü ölkələrdən bir sıra neft məhsullarının idxalı üzrə gömrük rüsumları ləğv edilir, bu da Azərbaycandan idxalda potensial gömrük yükünü azaldır”.

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev dekabrın 6-da bəyan etmişdi ki, Azərbaycandan Ermənistana neft və neft məhsulları idxalı ilə bağlı məsələ tərəflər arasında Qəbələdə müzakirə edilib. Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan bunu təsdiqləyib. Bundan sonra Ermənistanda Azərbaycandan mümkün neft idxalı məsələsi aktiv şəkildə müzakirə olunur.