“2026-cı il Anakliya dərin dəniz limanının inşasının aktiv fazasına keçid və Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin başa çatması ilə əlamətdar olacaq.”
APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Mariam Kvrivişvili ölkənin dəmir yollarının modernləşdirilməsi layihəsinin açılış mərasimində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, 2032-ci ilədək Gürcüstanın strateji nəqliyyat infrastrukturunun inkişafına 7 milyard lari həcmində investisiya yatırılacaq ki, bunun da bir milyardı dəmir yollarının daha da inkişaf etdirilməsinə yönəldiləcək.
Kvrivişvili Orta Dəhliz layihəsinin önəmindən də danışaraq Gürcüstanın geosiyasi rolunu vurğulayıb:
“Dəmir yollarının ötürücülk qabiliyyətinin artırılması, Anakliya limanının tikintisi ölkənin inkişaf strategiyasında əsas yerlərdən birini tutur. Bu komponentlərsiz Gürcüstanın ayrılmaz hissəsi olduğu Orta Dəhliz lazımı səviyyədə fəaliyyət göstərməyə və cəlbediciliyini itirə bilər. Dəhlizin Gürcüstan hissəsinin inkişafı ilə bağlı nəticələr artıq görünür – bu ilin yanvar-oktyabr aylarında Gürcüstanla Çin arasında ticarət dövriyyəsi 40% artıb”, - o deyib.
Qeyd edək ki, Gürcüstan Dəmir Yollarının baş direktoru Laşa Abaşidze bu günlərdə BTQ layihəsinin faktiki olaraq tamamlandığını və hazırkı mərhələdə onun istismara verilməsi üzrə işlərin aparıldığını bildirib.