“Hamıya yaxşı məlumdur ki, Azərbaycan Gürcüstanın xüsusi dostudur”.
APA-nın yerli bürosu xəbər verik ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze deyib.
O, Türkmənistanda azərbaycanlı həmkarı ilə çox səmimi görüşün və söhbətin olduğunu qeyd edib.
“Gürüstan və Azərbaycan hökumətləri arasında olduqca yaxşı münasibətlər qurulub. Buna əsaslanaraq, inanıram ki, biz istənilən məsələdə ortaq dil tapmaqda çətinlik çəkməyəcəyik”, - Kobaxidze əlavə edib.
Azərbaycandan Ermənistana Gürcüstan vasitəsilə daşınmalara gəlincə, baş nazir bildirib ki, tranzitin hansı formada həyata keçiriləcəyi danışıqların predmetidir:
“Bizim üçün şübhəsiz ki, həm Azərbaycan, həm də Ermənistan tərəfinin maraqlarını nəzərə almaq vacibdir. Bizim öz maraqlarımız da var. Hesab edirəm ki, danışıqlar əsasında hər üç ölkənin maraqlarını təmin edəcək ən yaxşı yolu asanlıqla tapacağıq”.
Kobaxidze həmçinin Gürcüstanın Mərkəzi Asiya ölkələri ilə də münasibətlərin inkişafına xüsusi diqqət ayırdığını deyib.
“Nəqliyyat və tranzit infrastrukturunu inkişaf etdirmək vacibdir. Bunu Mərkəzi Asiya ölkələri, Azərbaycan, Türkiyə və Ermənistan olmadan uğurla həyata keçirmək mümkün deyil”, - Kobaxidze əlavə edib.
O, bu yaxınlarda Türkmənistanda Qazaxıstan Prezidenti, Azərbaycanın baş naziri və digər liderlərlə keçirdiyi görüşlərin bu kontekstdə çox vacib olduğunu qeyd edib:
“Regionun bütün ölkələrlə həm siyasi, həm də iqtisadi baxımdan sıx əməkdaşlıq bizim üçün xüsusi əhəmiyyətə malikdir. Biz bütün istiqamətlər üzrə əməkdaşlıq barədə danışdıq. İstər Türkmənistan qazının tranziti, istərsə də Azərbaycan, Qazaxıstan, Özbəkistan və digər ölkələrlə ticari-iqtisadi münasibətlərin müzakirəsini apardıq. Biz bütün istiqamətlər üzrə və müvafiq qurumlar səviyyəsində fəal iş aparırıq”.