Kobaxidze: BBC-nin süjetinin məqsədi Gürcüstanda sabitliyi pozmaq olub

“Beş gün ərzində ictimaiyyət xarici xüsusi xidmət orqanlarının Gürcüstana qarşı öncədən hazırladığı kampaniyanı müşahidə edib. Kampaniyanın əsas məqsədi Gürcüstanda sabitliyi pozmaq, süni ajiotaj yaratmaq və dövlətin nüfuzuna xələl gətirmək olub”.

APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.

Onun sözlərinə görə, BBC telekanalının hazırladığı reportajda sübuta yetirilmiş bir sıra yalan ittihamlar yer alıb.

“İstintaqla birmənalı şəkildə sübut olunub ki, Daxili İşlər Nazirliyi kamit maddəsindən nəinki istifadə etməyib, hətta onu heç zaman tədarük belə etməyib. Bundan başqa, ötən il aqressiv etirazçılara qarşı hər hansı bir qadağan edilmiş maddənin istifadə olunmadığı da sübuta yetirilib”, - Kobaxidze əlavə edib.

Baş nazir qeyd edib ki, xarici xüsusi xidmət orqanlarının və onların yerli qurumlarının Gürcüstan dövlətçiliyinə təhlükə yaratmasına və dövlət maraqlarına zərər vurmasına imkan verilməyəcək:

“Gürcüstan əleyhinə kampaniyada həm ölkə daxilində, həm də ölkə xaricində mənfur subyektlər fəal iştirak ediblər. Onların aşkarlanması istiqamətində intensiv istintaq tədbirləri davam etdiriləcək”.