Kobaxidze: Gürcüstan Aİ ilə münasibətləri yoluna qoymağa çalışacaq

“Gürcüstan Avropa İttifaqı ilə münasibətləri yoluna qoymaq üçün səylə çalışacaq”.

APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze “Imedi” telekanalına müsahibəsində deyib.

O, gələn ilin dəyişikliklərlə dolu olacağını düşündüyünü bildirib.

“Biz ehtiyatlı və strateji təmkinlə münasibət dəyişikliyini gözləyirik. Proseslərin necə inkişaf edəcəyinə baxacağıq. Düşünürəm ki, gələn il Avropa İttifaqı tərəfindən də dəyişikliklər olacaq. Gələcəyə nikbinliklə baxacağıq”, - Kobaxidze əlavə edib.

Baş nazir qeyd edib ki, Gürcüstanla sağlam münasibətlərin bərpası Aİ-nin maraqlarına cavab verir.

Qeyd edək ki, Gürcüstan hökuməti ötən ilin noyabrında Aİ-yə üzvlüklə bağlı danışıqları 2028-ci ilədək gündəmə gətirməyəcəyini elan edib. Bu qərardan sonra Tbilisi-Brüssel münasibətlərində bugünədək davam edən gərginlik hökm sürür.