
Koçaryan və Sarkisyana dərin bir nifrət var -ANALİTİK
Siyasi şərhçi deyib ki, Paşinyanın küçə hərəkatları ilə devrilməsi ehtimalları real görünmür
Ermənistanın sabiq xarici işlər naziri Vardan Oskanyan Baş nazir Nikol Paşinyanı və onun komandasını aşağılayıb. Bildirib ki, hamının diqqəti Nikol Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq məqsədinə yönəlib və bu məqsədin hansı yolla həyata keçirilməsindən asılı olmayaraq, həm özü, həm də ictimaiyyət üçün bir sıra əsas məsələlərin dəqiqləşdirilməsi vacibdir. Oskanyanın sözlərinə görə, bu sualların indiyədək vahid və aydın formalaşdırılmış cavabları yoxdur və bu da həmin məqsədin reallaşmasına mane olur: “Ermənistanın düşdüyü bu faciəli, fəlakətli və kabus kimi vəziyyəti nəzərə alaraq, Paşinyanla bağlı mövcud olan xəyanətdən və hiyləgərliyə qədər geniş fikir spektri, təcrübəsizlik və ya sadəlövhlük kimi qiymətləndirmələr tamamilə başadüşüləndir və bu fikirlər səsləndirilməlidir. Ermənistanda baş vermiş və hələ də davam edən proseslər istənilən məntiqdən, presedentsiz hallardan və tarixi kontekstdən kənardır. Əvvəla, Nikol Paşinyanın hakimiyyətə xalq tərəfindən gətirildiyi mənim üçün danılmazdır. Onun arxasında hansısa üçüncü, “qüdrətli” qüvvələrin dayandığı, baş verənlərin bir sui-qəsd olduğu barədə illərdir yayılan nəzəriyyələrin, mənim dərin qənaətimcə, reallıqla heç bir əlaqəsi yoxdur. Mənim bu inamım müxtəlif səviyyələrdə “üçüncü qüvvələr” adlanan qüvvələrlə işləmək və onlarla qarşılıqlı əlaqədə olmaq təcrübəmdən irəli gəlir. Dünya belə işləmir. Regionumuzda müxtəlif qüvvələrin müxtəlif maraqlarının olması da danılmazdır. Amma buradan belə nəticə çıxmır ki, bu müxtəlif qüvvələr birləşərək, Paşinyanı tapıb, onu inqilabın lideri edib, hakimiyyətdə saxlamaqda davam edirlər. Bu qeyri-real fərziyyə Paşinyana yersiz qiymət verir. Onu hakimiyyətə öz səhvlərini düzəldə bilən xalq gətirib”. Keçmiş xarici işlər naziri bildirib ki, bu gün Paşinyanın sadəcə olaraq hazırlıqsızlığını və səriştəsizliyini sübut etdiyini qəbul edərək, eyni zamanda qanun qarşısında cavab vermənin labüdlüyünü dərk edərək, sülh yolu ilə getmək imkanı hələ də var: “Müxalifət də bu variantı qəbul etməlidir, çünki istənilən digər nəticə “ölüm-dirim” dilemmasına çevriləcək, Paşinyanın hakimiyyəti qəsb etmək həvəsini böyüdəcək və daxili qarşıdurmaların yaranması ehtimalını artıracaq”.
Siyasi şərhçi Aqşin Kərimov Sherg.az-adeyib ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın küçə hərəkatları ilə devrilməsi ehtimalları real görünmür. Onun sözlərinə görə, əgər belə bir ehtimal varsa, bu məsələ daha çox Qərblə Nikol Paşinyan münasibətlərinin dinamikası ilə izah olunmalıdır:

"Çünki Nikol Paşinyan Qərbin ona qoyduğu tələb və şərtlər əsasında siyasət yürüdə bilmir. Ermənistan artıq Azərbaycanın sülh gündəmindəki tələblərin əsirinə çevrilib ki, bu da regionda Azərbaycan-Türkiyə strateji ittifaqının dinamikasını gücləndirir. Nikol Paşinyanın sülh gündəliyindəki mövqeyi isə Rusiyanın maraqları ilə dərin ziddiyyət təşkil etmir. Bununla belə, Rusiya üçün də Paşinyana yanaşmada ehtiyatlılıq dərəcələri qalmaqdadır. Deməli, nəticə olaraq, Paşinyanın devrilməsi son nəticədə Rusiya-Qərb sövdələşməsi ilə müəyyənləşə bilər. Hələlik isə Ermənistanda Rusiyameyilli qüvvələrlə Qərbə inteqrasiya tərəfdarları arasında rəqabət qızışır. Lakin Rusiyanın Ermənistandakı siyasi təsir rıçaqları zəifləyib, Moskva Paşinyana müxalif qüvvələrin mərkəzləşdirilməsini və onun böyük elektorat qazanmasını təşkil edə bilmir. Üstəlik, Rusiya ilə yanaşı, Robert Koçaryan və Serj Sarkisyanı Qərb də gizli dəstəkləyir. Nikol Paşinyanın necə devrilməsi ilə bağlı Koçaryanla Sarkisyan arasında böyüyən fikir ayrılıqları, məncə, daha çox Rusiya-Qərb mübarizəsinin əlamətləri ilə əlaqədardır".
Analitik vurğulayıb ki, Nikol Paşinyanın Koçaryan-Sarkisyan mümkün müttəfiqliyi ilə devrilməsi ehtimalları yoxdur, çünki erməni ictimaiyyətində həmin iki keçmiş prezidentə dərin bir nifrət var:
"Burada digər keçmiş Prezident Levon Ter-Petrosyanın da elektorat cəhətdən ciddi problemləri var. Buna görə də, Paşinyanın hakimiyyətdən getməsi sabiqlərə ediləcək yatırımlar hesabına baş tutmayacaq. Ehtimal ki, belə bir variant varsa, yeni kadr elə Ermənistan hakimiyyətinin öz daxilində hazırlanır. Ancaq Paşinyanın iqtidardan uzaqlaşdırılması ehtimalları zəif olaraq qalmaqdadır. Səbəblərindən asılı olmayaraq, siyasi qüvvələr nisbətində Rusiyanın Qərbə uduzduğu görünməkdədir. Lakin Moskvanın Ermənistanda hərbi və iqtisadi portfeli doludur ki, bu da İrəvana təzyiq aləti kimi tətbiq olunur".