Nikol Paşinyan: “Tramp yolu”ndan əvvəl qaz kəməri çəkilə bilər

“Ermənistan hökuməti ABŞ ilə strateji komponentləri əks etdirən ikitərəfli sənəd və ya memorandum hazırlayır”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan “Tramp yolu” layihəsinin statusu ilə bağlı sualı cavablandırarkən bildirib.

“Hər iki tərəf bu sənədi müəyyən formatda qəbul etməlidir, bundan sonra növbəti addım başlamalıdır. Hazırda Vaşinqton Sazişində nəzərdə tutulduğu kimi, “Tramp yolu” layihəsi üçün çərçivə hazırlayırıq”, - Paşinyan qeyd edib.

Baş nazir proqnozunun eyni qaldığını, praktikada bu layihə üzərində işlərin 2026-cı ilin ikinci yarısında başlayacağını bildirib:

“Dəmir yolunun ilk layihə olacağını güman edirəm, baxmayaraq ki, iqtisadi məqsədəuyğunluq və investisiya cəlbediciliyinin müəyyən dərəcədə aydınlaşdırılacağını, məsələn, qaz və ya neft kəməri layihəsinin planlaşdırılandan daha tez həyata keçiriləcəyini istisna etmirəm”.

O əlavə edib ki, Ermənistan hökuməti hazırda sərhəd və gömrük infrastrukturu üçün müasir avadanlıqların alınması üzərində işləyir və bu avadanlıqlar təkcə Ermənistan-Azərbaycan sərhədlərində deyil, həm də Ermənistan-Gürcüstan, Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədlərində quraşdırılacaq.