Dünyada geosiyasi dəyişikliklər baş verir və Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olması üçün perspektivlər yaranır.
APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Ermənistan parlamentinin Xarici əlaqələr komitəsinin sədri Sarqis Xandanyanın başçılıq etdiyi nümayəndə heyəti ilə keçirdiyi görüşdə deyib.
Tərəflər Cənubi Qafqazda hazırkı vəziyyəti və bölgədə sülhün yaranmasının perspektivlərini müzakirə ediblər.
Xandanyan regional sülhün təşviqindəki səylərinə görə Gürcüstana təşəkkür edib. O, Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Azərbaycandan yanacağın Gürcüstan vasitəsilə Ermənistana dəmir yolu ilə tam ödənişsiz daşınmasının həyata keçirilməsi barədə qərarının vacibliyini vurğulayıb.
Görüşdə Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması istiqamətində aparılan danışıqlar və onların mümkün nəticələri də müzakirə olunub.