Paşinyan: Əsas məqsədimiz sülh prosesində son nöqtəyə çatmaqdır

Ermənistan Baş naziri Nikol Paşinyan İrəvanda keçiriləcək Bioloji Müxtəliflik haqqında Konvensiyanın Tərəflər Konfransının 17-ci sessiyası (COP17) çərçivəsində ölkəsində səfərdə olan BMT baş katibi Antonio Quterreşlə görüşüb.

Teleqraf xəbər verir ki, görüşdə digər məsələlər yanaşı, Ermənistan-Azərbaycan sülh prosesi də müzakirə olunub.

“Xoşbəxtlikdən, regionumuzda çox çətin hadisələrdən keçdikdən sonra vəziyyəti dəyişə bildik, indi əsas məqsədimiz son nöqtəyə çatmaqdır. Mən Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanmasını və ratifikasiya edilməsini nəzərdə tuturam. Bu, bizim əsas məqsədimizdir və diqqətimizi buna yönəltməliyik. Çünki bu məqsədə nail olmaq asan deyil. Digər tərəfdən isə bütün diqqətimizi mümkün qədər bu məqsədə cəmləməliyik”, - Nikol Paşinyan bildirib.

Antonio Quterreş də Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olmasının əhəmiyyətini vurğulayıb.

Tərəflər görüş zamanı COP17 konfransının keçirilməsi və bu çərçivədə aparılacaq müzakirələr barədə də fikir mübadiləsi aparıblar. Regional proseslərə, o cümlədən TRIPP (“Tramp marşrutu”) layihəsinin icrasının gedişinə də toxunulub. Tərəflər regional nəqliyyat marşrutlarının blokadadan çıxarılması və qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi baxımından sözügedən layihənin əhəmiyyətini vurğulayıblar.