Ermənistanda növbəti ilin fevralında növbədənkənar seçkilərin elan olunması ehtimalı yüksəlir
Son günlərdə Ermənistanın Gümrü şəhərində yerləşən 102-ci Rusiya hərbi bazasının fəaliyyəti əhəmiyyətli dərəcədə aktivləşib. İddia olunur ki, Rusiyanın əsas hədəflərindən biri Ermənistanın Baş naziri Nikol Paşinyanı vəzifədən uzaqlaşdırmaqdır. Qeyd olunur ki, Moskva İrəvan üzərindəki birbaşa təsirini itirdikdən sonra, ölkədə süni şəkildə yaradılmış böhran vasitəsilə bu təsiri yenidən bərpa etməyə çalışır. Bu böhrana Ermənistan ərazisində müxtəlif təxribatların daxil olması da ehtimal edilir. Bəzi mənbələr hətta 2014-cü ildə Krımda baş verən hadisələrlə paralellər apararaq, mümkün sərt müdaxilənin mümkünlüyündən də bəhs edirlər. Xaos şəraitində Paşinyana alternativ kimi keçmiş prezidentlər - Robert Koçaryan və Serj Sarkisyanın adları ön planda çəkilir. Rusiyapərəst mövqeləri ilə tanınan bu siyasətçilərin "ölkəni xilas etmək" bəhanəsi ilə yenidən səhnəyə gətirilməsi ssenarisi istisna edilmir. Hazırda Ermənistan həm daxili, həm də xarici baxımdan çətin vəziyyətdədir və geosiyasi qarşıdurmalar meydanına çevrilib. Xarici oyunçular, xüsusilə də Rusiya, burada ya öz mövqelərini möhkəmləndirməyə, ya da itirdiklərini geri qaytarmağa çalışır. Buna görə də Ermənistanda dövlət çevrilişi ehtimalı və bu prosesdə Rusiyanın rolu müzakirə olunur.
Politoloq Məhəmməd Əsədullazadə Sherg.az-a deyib ki, Ermənistanda gələn ilin ilk ayında növbədənkənar seçkilərin keçirilməsi gözlənilir. Ekspert vurğulayıb ki, Baş nazir Nikol Paşinyan seçkilərə hazırlıq mərhələsində müxalifətə qarşı daha sərt tədbirlər həyata keçirməkdədir:

"İrəvan şəhər məhkəməsinin qərarı ilə Rusiyada fəaliyyət göstərən iş adamı Ara Abramyana məxsus torpaq sahəsi müsadirə edilib. Ara Abramyan "Taşir" şirkətlər qrupunun rəhbəri və hazırda həbsdə olan Samvel Karapetyanın yaxın müttəfiqi kimi tanınır. Rusiya ilə bağlı iş adamlarının Ermənistan siyasətinə təsir imkanlarını məhdudlaşdırmaq üçün Paşinyan onları ya həbs edir, ya da əmlaklarını əlindən alır. Hətta Gümrü şəhərinin yeni seçilmiş meri də həbslə hədələnir. Hazırda Nikol Paşinyanın qarşısında duran əsas məqsəd Erməni Apostol Kilsəsinin başçısı, katolikos İkinci Qaregini istefaya məcbur etməkdir. İkinci Qaregin birləşmiş müxalifətin ideoloqu və Moskva tərəfindən dəstəklənən dini lider kimi çıxış edir. Onun təşəbbüsü ilə Kilsə siyasi proseslərə müdaxilə edərək Paşinyanın yenidən seçilməsinə qarşı çıxır".
Analitik qeyd edib ki, iki həftədir ki, Paşinyan öz tərəfdarlarını Eçmiədzinə toplayaraq İkinci Qaregini istefaya məcbur etməyə çalışır:
"Paşinyan bir neçə dəfə bu qərarı versə də, Rusiya təzyiqləri səbəbindən geri çəkilib. Lakin payız aylarında Kilsəyə təzyiqlərin artacağı və Paşinyanın qırmızı xətləri keçərək İkinci Qaregini vəzifədən uzaqlaşdıracağı ehtimalı böyükdür. Bu proseslə yanaşı, Paşinyan Kilsənin nüfuzunu sarsıtmaq məqsədilə kütləvi informasiya vasitələrindən istifadə edir. Onun çıxışları nəticəsində erməni cəmiyyətində Kilsəyə olan etimad hiss olunacaq dərəcədə zəifləyib. İkinci Qaregini baş keşişlikdən uzaqlaşdırmaqla Paşinyan daxildə müxalifəti tamamilə sıradan çıxarmış olacaq. Beləliklə, o, növbədənkənar seçkilərə radikal müxalifətsiz getməyi planlaşdırır. Hadisələrin inkişafı Paşinyanın xeyrinə işləyir və seçkilərdə onun qalib gəlməsi real görünür. Əgər payızda İkinci Qaregin vəzifədən kənarlaşdırılarsa, Ermənistanda 2026-cı ilin fevralında növbədənkənar seçkilərin elan olunması ehtimalı yüksəlir. Seçkilərdən sonra Ermənistanda yeni Konstitusiya referendumu keçirilə bilər. Düşünürəm, həmin ilin yayında Azərbaycanla sülh müqaviləsinin imzalanması mümkün olacaq.
Beləliklə, Ermənistanda seçkilərdən sonrakı dövr Cənubi Qafqazda yeni siyasi reallıqların formalaşmasına və regionda uzunmüddətli sülhün təmin olunmasına zəmin yarada bilər".