Paşinyanın vəziyyəti yaxşı deyil: Moskvanın alternativ namizəd axtarışları sürətlənəcək

Rusiyanın Ermənistanda keçirilən parlament seçkisi ilə bağlı xüsusi planı var

Naqif Həmzəyev: "Görünür, baş nazir Moskvanın İrəvandan narazılıqlarını nisbətən aradan qaldırmaq üçün Rusiyaya yollanıb"



Ermənistanın Baş naziri Nikol Paşinyan "beynəlxalq atom həftəsi" konfransında iştirak məqsədilə Moskvaya gedib. Məlumdur ki, Rusiya Ukraynaya qarşı işğalçı müharibəyə başladıqdan sonra tərəfdaşlarının sayı azalıb. Kreml bu görüntünü ortadan qaldırmaq üçün Rusiyada müxtəlif beynəlxalq tədbirlər keçirməyə çalışır. "Beynəlxalq atom həftəsi" konfransı da bu məqsədə xidmət edir. Rusiya Prezidenti Vladimir Putin tədbirə Nikol Paşinyanı da dəvət edib. Ehtimal ki, Ermənistanın baş naziri bu tədbirə qatılmaqla iki ölkə arasında münasibətlərin normal olduğunu göstərməyə çalışacaq. Çünki onun rəqibləri Paşinyanı Ermənistanın ənənəvi müttəfiqi Rusiyadan üz döndərərək Qərblə təhlükəsizlik sahəsində əməkdaşlığı dərinləşdirməkdə ittiham edirlər. Nikol Paşinyan iyun ayında verdiyi açıqlamada Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını tərk edə biləcəyini söyləmişdi. Bu açıqlama Rusiyanın siyasi dairələrində narahatlıq yaratmışdı. Paşinyanın Avropa İttifaqına üzvlüklə bağlı açıqlamaları da Kremli narahat etməyə bilməzdi. Rusiya rəsmiləri Paşinyanı seçim qarşısında qoydular - ya Avrasiya İqtisadi Birliyi, ya da Avropa İttifaqı. Daha sonra Paşinyan Avropa İttifaqı üzvlüyü fikrini korrektə etdi və ölkəsinin əvvəlkitək Avrasiya İqtisadi Birliyində üzvlüyünü davam etdirəcəyini söylədi. Paşinyan Ermənistanda parlament seçkilərinə qədər Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını tərk etmək mövzusunu donduracaq. Əks halda Kreml Ermənistanı qarışdırmaq planını hərəkətə gətirəcək. Baş nazir parlament seçkilərinə qədər Kremli qıcıqlandırmamağa çalışacaq. Onun Moskvada konfransa qatılması və Vladimir Putinlə görüşü də buna dəlalət edir. 

Millət vəkili Naqif Həmzəyev Sherg.az-a açıqlamasında xatırladıb ki, ötənlərdə Putinlə Paşinyan arasında Çində görüş baş tutmuşdu və həmin görüş tələm-tələsik təşkil edilmişdi. Deputat qeyd edib ki, Ermənistan baş nazirinin Moskvaya indiki səfəri Paşinyanı narahat edən bəzi məsələlərə cavab tapmaq məqsədi daşıyır:
 "Rusiya bir növ Paşinyandan hesabat tələb edir. Hər nə qədər Paşinyan Qərbyönümlü siyasət yeritmək istəsə də, etiraf etməliyik ki, Rusiyadan asılılıq mövcuddur. Xüsusən, iqtisadi asılılıq gündən-günə artmaqdadır. Düzdür, ABŞ və Avropa İttifaqı Rusiyadan asılılığı azaltmaqla bağlı cəhdlər edirlər. Lakin ciddi nəticələr yoxdur. Yəni Qərb Paşinyanı qane edəcək iqtisadi dəstəyi göstərmir. Ona görə də Paşinyan anlayır ki, Rusiya ilə iqtisadi əlaqələri qətiyyən kəsmək olmaz. Ermənistanın KTMT məsələsi ilə bağlı gözləntisi qalmayıb. Paşinyanın "Azərbaycan ordusuna bərabər silahlı qüvvələr yarada bilmərik" açıqlaması o deməkdir ki, İrəvan hökuməti hərbi vəsaitlərin ayrılması, hərbi büdcənin artırılması ilə bağlı addım atmaq niyyətində deyil. Ermənistanın KTMT-də qalmasının nə bu ölkəyə, nə də quruma heç bir faydası yoxdur".

Parlament üzvü hesab edir ki, Rusiyanın Ermənistanda keçirilən parlament seçkisi ilə bağlı xüsusi planı var: 
 "Paşinyan ipə-sapa yatmazsa, Kremlin diktəsi ilə oturub-durmazsa, Moskvanın alternativ namizəd axtarışları sürətlənəcək. Rusiya faktiki olaraq Paşinyan hökumətini istəmir və onu devirməyin yollarını axtarır. Bunu bacarmayacağı təqdirdə isə ən azından İrəvan hökumətinin Moskvadan asılılığını gücləndirmək istəyir. Seçkilər yaxınlaşdıqca Ermənistanda sanki müxalif lider uğrunda da mübarizə gedir. Kilsə də hərtərəfli müxalifətə dəstək verir. Ancaq hələlik müxalif düşərgədə Rusiyanın "hə" dediyi lider yoxdur. Əgər Paşinyan hökuməti öz rəqiblərini sıradan çıxarmaqla yanaşı, Rusiyanı da razı sala bilərsə, 2026-cı il seçkilərindən öncə referenduma gedə bilər və yekun sülhün imzalanması önündə əngəl qalmaz. Ancaq hazırda Paşinyanın vəziyyəti heç də yaxşı deyil. Görünür, Paşinyan Moskvanın İrəvandan narazılıqlarını nisbətən aradan qaldırmaq üçün Rusiyaya yollanıb. Paşinyan Rusiya qarşısında öz mövqeyini gücləndirmək istəyir. ABŞ-də imzalanmış anlaşmalar, ələlxüsus Amerikaya məxsus şirkətin Zəngəzur dəhlizinə nəzarət etməsi məsələsi Rusiyanı xeyli hiddətləndirib. Ona görə son günlərdə Kremldən Paşinyana yönəlik hədələr artmaqdadır".