Politoloq: "Xarici dəstəklə yaradılan "layihə lider" uzunömürlü olmur"

"Çünki onların dayağı xalqın etimadı deyil, xarici sponsorun maraqlarıdır"

"Maraqlar dəyişəndə və ya xalqın səbr kasası dolanda, bu layihələr iflasa uğrayır"


"2012-ci ildə hakimiyyətə gələn “Gürcü Arzusu” xalqın böyük ümidlərini öz arxasınca sürüklədi. Bidzina İvanişvili isə bu ümidlərin simvoluna çevrildi. Amma zaman keçdikcə aydın oldu ki, İvanişvili təkcə daxili siyasi fiqur deyil, həm də Putinin bölgə üçün qurduğu layihələrdən biri idi".

Bunu "Sherg.az"a açıqlamasında Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev deyib. 

Ekspert bildirib ki, B.İvanişvilinin siyasi səhnəyə çıxışı Moskvanın təsir dairəsini qorumaq üçün planlaşdırılmış addım idi: 

"Çünki Saakaşvilinin qərbyönlü kursu Kreml üçün ciddi təhlükə yaradırdı. Ona görə də Rusiya Gürcüstanda daha yumşaq, amma asılı siyasət yürüdəcək lider axtarırdı. Bu rolu yerinə yetirmək üçün seçilmiş adam isə milyarder İvanişvili oldu.
Onun hakimiyyətə gəlişi ilə Gürcüstanın Avropa və NATO ilə inteqrasiyası faktiki donduruldu, əvəzində Rusiya ilə “sakit əməkdaşlıq” xətti gücləndi. Tarix göstərir ki, xarici güclərin dəstəyi ilə yaradılan “layihə liderlər” uzunömürlü olmur. Çünki onların dayağı xalqın etimadı deyil, xarici sponsorun maraqlarıdır. Maraqlar dəyişəndə və ya xalqın səbr kasası dolanda, bu layihələr iflasa uğrayır.
 Postsovet məkanında Moskvanın dəstəklədiyi çoxsaylı liderlər  olublar. Yanukoviç, Lukaşenko, Nazarbayev  bir-bir ya zəifləyib, ya da xalq üsyanlarının hədəfinə çevrilib. İvanişvilinin də siyasi ömrü eyni taleyi paylaşmağa məhkumdur, çünki onun əsas dayağı gürcü xalqının sevgisi deyil, Kremlin siyasi texnologiyasıdır. İvanişvilinin yaratdığı illüziya indi dağılıb". 

Analitik qeyd edib ki, gürcü xalqı artıq görür ki, “Gürcü Arzusu” əslində xalqın arzusu yox, Moskvanın planıdır: 
"Amma çıxış yolu var. Xalq öz iradəsini ortaya qoymalıdır. Belə layihələrin aradan qaldırılması yalnız küçədən, vətəndaş fəallığından və şüurlu seçkidən doğa bilər. Yeni nəsil liderlər səhnəyə çıxmalıdır – xalqın etimadına söykənən, xarici güclərin kuklası olmayan yeni siyasi qüvvələr yetişməlidir. Avropa yönümlü kurs bərpa edilməlidir. Gürcüstanın real gələcəyi yalnız Qərb dəyərləri ilə mümkündür. Ümumiləşdirərək onu demək olar ki, İvanişvili bir siyasi layihə idi və Putinin bölgədəki maraqlarını qorumaq üçün düşünülmüş, amma dayanıqsız plan əsasında qurululmuşdu. Layihələr isə xalq iradəsinə söykənmədiyi üçün heç vaxt uzunömürlü olmur. Gürcü xalqı bu gün aldanmış ola bilər, amma sabah öz gerçəklərini geri almaq gücündədir".