"İrəvana gələn dövlət katibi Marko Rubionun erməni həmkarı Ararat Mirzoyanla görüşündə ABŞ-Ermənistan Hərtərəfli Strateji Tərəfdaşlıq Xartiyası və mineralların hasilatı və emalı sahəsində çərçivə memorandumu imzalandı, həmçinin, TRİPP layihəsi (Zəngəzur dəhlizi) üzrə əməkdaşlıq haqqında çərçivə sazişini parafladılar. Bu, ABŞ-ın Azərbaycanla olduğu kimi, Ermənistanla da münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə yüksəltməsi deməkdir və Vaşinqtonun regional planı fonunda məntiqi nəticə hesab oluna bilər".
Bu sözləri Sherg.az-a amıqlamasında siyasi şərhçi Vüqar Dadaşov deyib.
V.Dadaşovun sözlərinə görə, əsas məqam Rubionun İrəvana niyə indi – seçkilərə sayılı günlər qalmış gəlməsi və sənədlərin seçkidən əvvəl imzalanmasıdır. Onun fikrincə, burada iki mümkün hədəf görünür:

"Birincisi, Rubionun səfəri Paşinyana seçki dəstəyinin verilməsinə hesablanıb. Dövlət katibi İrəvanda Mirzoyana xitabən, “siz, baş nazir və bütün komandası Ermənistan üçün daha parlaq, daha müstəqil bir gələcəyin yolunu açırsınız, bu vizyonu dəstəklədiyimizi bildirməkdən məmnunam” sözləri ilə bunu açıq şəkildə ifadə etdi. Bu kontekstdə ABŞ-Ermənistan sənədlərinin indi imzalanması da hesablanmış gedişdir. Bu sazişlərlə Paşinyan komandasının yanında olduğunu göstərən ABŞ Vaşinqton-İrəvan münasibətlərinin gələcəyinin də mövcud hakimiyyətin seçilməsindən asılı olduğu mesajını verir. Seçki prosesinə müdaxilə edən tərəflərə xəbərdarlıq edir ki, bu, təkcə anti-Paşinyan müdaxiləsinə cəhd edən Rusiyaya yox, hakimiyyəti dəstəkləyən Avropa İttifaqına da ünvanlanıb. Trampın Administrasiyasının Brüsselə geosiyasi uzaqlaşması fonunda Ermənistan, ümumilikdə Cənubi Qafqaz da ABŞ-Aİ təsir mübarizəsinin meydançalarından biridir və Vaşinqton seçkidən sonra Paşinyanı dəstəkləyən Brüsselin onun maraqlarının önünə keçməsini istəmir. Digər hədəf isə ABŞ-nin Ermənistan seçkilərində mümkün hakimiyyət dəyişikliyi ssenarisində özünü sığortalamasıdır. Sazişlərin seçkiyə sayılı günlər qalmış imzalanması 7 iyundan sonra yeni hakimiyyət gələcəyi təqdirdə Ermənistandakı layihələrini davam etdirmək və təsir imkanlarına yarana biləcək riskləri azaltmaq gedişidir".
Ekspert qeyd edib ki, ABŞ Ermənistanla münasibətlərdə TRİPP layihəsinin icrasına xüsusi diqqət ayrırır:
" Bu layihə Vaşinqton üçün təkcə Cənubi Qafqazda dayaqlarını gücləndirmək yox, Orta dəhlizdə praktiki mövcudluq qazanmaq, Avrasiyanın nəqliyyat şəbəkəsində strateji paya sahib olmaq və Çinlə qlobal rəqabətdə üstünlük əldə etmək deməkdir. Bu baxımdan, Tramp Administrasiyası 7 iyundan sonra baş verə biləcək bütün mümkün ssenarilərdə layihənin davam etməsində maraqlıdır".