Tural İrfan: “Moskva imperialist düşüncəsinə görə Gürcüstan qarşısında məsuliyyətdən yayınır”
Beynəlxalq münasibətlərdə dövlətlərin üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi sülh və sabitlik üçün vacibdir. Lakin Rusiya Federasiyasının Gürcüstan qarşısında öhdəliklərini yerinə yetirməməsi regionda gərginliyi artırır və beynəlxalq hüququn prinsiplərini pozur. Bu vəziyyət Gürcüstanla Rusiya arasında keçirilən Cenevrə beynəlxalq danışıqlarının 65-ci mərhələsinin pozulmasında da özünü göstərir. Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatına görə, danışıqlar zamanı Tbilisi Rusiyanın 12 avqust 2008-ci il atəşkəs sazişi üzrə öhdəliklərini yerinə yetirməməsini, işğal altındakı ərazilərdə humanitar vəziyyətin ağır olmasını və qaçqınların geri qayıtmasına maneələrin qalmasını gündəmə gətirib. Lakin Rusiya və onun nəzarətində olan nümayəndələrin danışıqları tərk etməsi görüşün nəticəsiz başa çatmasına səbəb olub.
Politoloq Tural İrfan Sherg.az-a açıqlamasında Rusiyanın Gürcüstanla bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək istəmədiyini söyləyib:

"Bu, onun imperialist düşüncəsindən qaynaqlanır. Gürcüstanın iddia etdiyi beynəlxalq hüququn pozulması aktlarına münasibət bildirilməsi baxımından beynəlxalq təşkilatların mövqeyi də vacibdir. Hazırda Rusiya sözügedən öhdəliklərin icrasına zaman ayırmaq istəmir. Çünki Ukraynada apardığı müharibə ilə əlaqədar demək olar ki, bütün resurslarını səfərbər edib. Bununla belə, əgər Gürcüstan bu məsələni beynəlxalq təşkilatların gündəminə gətirsə, Rusiyaya qarşı yeni təzyiqlərin başlanması qaçılmaz ola bilər. Ukraynada da işğal siyasətini davam etdirən Rusiya, artan beynəlxalq təzyiqlərdən qurtulmaq üçün, məcbur qalaraq bu öhdəliklərin heç olmasa bir qismini yerinə yetirməyə çalışa bilər".
Ekapert hazırda Gürcüstanın, Rusiyanın Ukrayna müharibəsinə görə Qərbdən ciddi təzyiqlərə məruz qaldığı bir vaxtda bu məsələni qaldırmasının düzgün və məqsədəuyğun addım olduğunu qeyd edib:
"Yaxın zamanda beynəlxalq təşkilatların da bu istiqamətdə müvafiq addımlar atması istisna edilmir. Beynəlxalq hüquq və azadlıqların pozulması ilə bağlı bu kimi hallarda ilk növbədə beynəlxalq təşkilatların özləri reaksiya verməli və tədbirlər görməlidirlər. Bunun üçün isə Gürcüstanın rəsmi şəkildə müraciət etməsi zəruridir".