Tbilisidə Azərbaycan-Ermənistan sülh prosesi müzakirə olunub

Tbilisidə Gürcüstan və Ermənistan parlamentlərinin xarici əlaqələr komitələrinin illik birgə iclası keçirilib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin mətbuat xidmətindən bildirilib.

Toplantıda iki ölkə arasındakı münasibətlər, strateji tərəfdaşlığın vacibliyi və iqtisadi əməkdaşlığın möhkəmləndirilməsi imkanları müzakirə olunub.

Tərəflər regional təhlükəsizlik, cari çağırışlar və bölgədə sabit və dinc şəraitin yaradılmasına töhfə verəcək gələcək addımlar ətrafında fikir mübadiləsi aparıblar.

Ermənistan parlamentinin üzvləri Bakı və İrəvan arasında davam edən sülh prosesi barədə danışıblar.

Gürcüstan parlamentinin xarici əlaqələr komitəsinin sədri Nikoloz Samxaradze iclasdan sonra müzakirələrin səmərəli keçdiyini bildirib.

O qeyd edib ki, Gürcüstan və Ermənistanın beynəlxalq məsələlər üzrə vahid mövqedən çıxış etməsi vacibdir, belə ki, bu, Cənubi Qafqaz bölgəsinin sabit inkişafına töhfə verəcək.