"Tramp yolu" işə düşür: Sülh sazişi paraflanıb, dəmir yolu blokdan çıxacaq

Azərbaycan-Ermənistan anlaşması qapıları açır 
Bu həm Ermənistanı təcriddən xilas edəcək, önünü açacaq, həm də onu suveren ölkə edəcək
Bu yaxınlarda Azərbaycanla sülh sazişini parafladıq, bunun bəyannaməsi Vaşinqtonda imzalandı. Bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Varşava Təhlükəsizlik Forumunda çıxışında deyib. Nazir bildirib ki, Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü və sərhədlərini tanımağa razılaşıb: "Ümumi prinsiplər barədə razılığa gəlmişik ki, onlar çərçivəsində iki ölkə arasında nəqliyyat infrastrukturu blokdan çıxacaq. Təsəvvür edin, Ermənistanla Azərbaycan arasında dəmir yolu əlaqəsi bərpa olunanda bu, təkcə dünyanın həmin hissəsi üçün deyil, həm də Avropa İttifaqı daxil olmaqla, daha böyük region üçün böyük əhəmiyyət kəsb edəcək. Ancaq yenə deyirəm, bununla məhdudlaşmır". Mirzoyan vurğulayıb ki, Cənubi Qafqazda sülhün bərqərar olması region ölkələrinə öz suverenliyini möhkəmləndirməyə, digər böyük paytaxtlardan asılılığı azaltmağa imkan verir və bizə, məsələn, fərqli xarici siyasətə malik olmaq imkanı verir.
Beynəlxalq Münasibətlər və 
Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri Samir Hümbətov deyib ki, Ermənistanın mövcud hökumətinin danışıqlar masasına gəlməsi və bir sıra şərtləri icra etməyə başlaması həm daxildə, həm də xaricdə bəzi qüvvələri hərəkətə keçirib. Ekspert vurğulayıb ki, Azərbaycan və Ermənistan arasında 8 avqustda ABŞ-də imzalanmış anlaşmadan sonra yeni bir mərhələ başlanıb: 
"Artıq bundan sonra Azərbaycan və Ermənistan diplomatik əlaqələrin qurulması yönündə konkret addımlar atmalıdır. İlk növbədə Azərbaycanın və Türkiyənin şərtləri yubadılmadan icra olunmalı, İrəvan hökuməti Konstitusiya dəyişikliyinə getməlidir. Mirzoyanın dediyi kimi "Tramp yolu"nun işə düşməsi, sülhün əldə olunması həm Ermənistanı təcriddən xilas edəcək, önünü açacaq, həm də onu suveren ölkə edəcək. Ancaq Paşinyan hökuməti yaxşı başa düşür ki, daxildəki radikal ultra-radikal qüvvələri zərərsizləşdirmədən hədəflədiyi prosesləri həyata keçirmək heç də asan olmayacaq. Bu gün üç ölkədən - Fransa, Rusiya və ABŞ-dən qidalanan erməni lobbisi, Kilsə, daxildəki revanşistlər, Koçaryan-Sarkisyan klanı Paşinyan hökumətinə birmənalı qarşıdır. Ötən gün Ermənistanda müxalifət nümayəndəsinin öldürülməsi də xaricdən xüsusi xidmət orqanlarının təxribatı ola bilər. Bu hadisəni Paşinyan hökumətinin üzərinə atmaqla daxildə xaotik vəziyyətin yaranmasına və onu devirməyə çalışırlar. Ancaq bu cür gedişlərin effektiv olub-olmayacağını zaman göstərəcək. Paşinyanın atacağı addımlardan və cəmiyyətin ona reaksiyasından çox şey asılıdır".