Zaxarova: Bu vampirlər İrəvanla əlaqələrimizi pozmağa çalışırlar

“Avropa İttifaqı rəhbərliyinin bəyanatları Brüsselin Ermənistan və Rusiya arasındakı münasibətlərə zərər vurmaq niyyətini açıq şəkildə göstərir”.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Bundan əvvəl Aİ-nin xarici siyasət üzrə ali nümayəndəsi Kaja Kallas demişdi ki, Ermənistan parlament seçkiləri ərəfəsində “ciddi informasiya çağırışları” ilə üzləşir. Onun sözlərinə görə, Rusiya və onunla əlaqəli qurumlar ölkədə Aİ-nin qiymətləndirməsinə görə Moldovada “müşahidə edilənlərə bənzər” “dezinformasiya kampaniyaları” aparır. Brüssel həmin “təsir şəbəkələrinin” iştirakını qeydə alır və İrəvana xarici müdaxilələri “aşkar etmək və neytrallaşdırmaqda” “dəstək vermək” niyyətindədir.

Zaxarova Avropa rəsmilərinin bəyanatlarını şərh edərkən Aİ-nin mövqeyini sərt şəkildə tənqid edərək, ittifaq liderləri Kaya Kallasla Marta Kosu “Brüssel vampirləri” adlandırıb. Diplomatın sözlərinə görə, onlar başqalarına da “vampir” olmalarını istəyirlər.

“Bu ritorika Aİ-nin Ermənistan-Rusiya münasibətlərinə xələl gətirməyi əsas məqsədi seçdiyini, regionda sülh və inkişafa töhfə vermək niyyətində olmadığını göstərir. Bu kimi bəyanatlar Avropa rəsmilərinin niyyətlərinin mahiyyətini açır, onların real siyasi motivasiya və postsovet məkanında daxili proseslərə təsir göstərmək istəyini ortaya qoyur. Artıq bunu gizlətmirlər, bəlkə gizlədə də bilərdilər, amma intellektual imkanlar buna yol vermir”,- o qeyd edib.

Zaxarova hesab edir ki, Aİ Ermənistan iqtisadiyyatının əsas sahələr, o cümlədən energetika üzrə ənənəvi, qarşılıqlı faydalı və qarşılıqlı hörmətə əsaslanan tərəfdaşlığa hər cür vasitə ilə zərər vurmağa çalışır.