Ermənistanda Movses Akopyan yenidən vəzifəyə təyin edilib. Belə ki, Akopyan müdafiə nazirinin əmri ilə Müdafiə Nazirliyinin Hərbi Nəzarət Xidmətinə rəis təyin olunub. Kamo Koçunç isə Akopyana müavin gətirilib. Akopyanın keçmiş müavini Valeri Nersesyan Müdafiə Nazirliyinin Hərbi Nəzarət Xidmətinin baş inspektoru təyin edilib.
Qeyd edək ki, bundan öncə Akopyan baş inspektor vəzifəsindən azad edilmişdi. Onunla bərabər müavinləri Kamo Koçunç və Valeri Nersesyan da istefaya göndərilmişdi. Movses Akopyan Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın dayısıdır. O, həmçinin, Serj Sərkisyanın yaxın adamlarından sayılır.
Müdafiə nazirinin Paşinyanın vəzifədən qovduğu bir şəxsə yenidən səlahiyyət verməsi Ermənistan ictimaiyyətində birmənalı qarşılanmır. İddia olunur ki, Paşinyan hökumətində fikir ayrılıqları var. Akopyanın keçmiş prezident Sarkisyana yaxın olmasına baxmayaraq, Tonoyanın ona vəzifə verməsi, Paşinyanla Tonoyan arasında gərginliyin olması iddiasını bir az da qüvvətləndirir.
Hadisəni dəyərləndirən “Atlas” Araşdırmalar Mərkəzinin eksperti Kənan Paşayev Sherg.az-a açıqlamasında bildirib ki, Paşinyan hakimiyyətə gəldikdən sonra ölkədə aparmağa çalışdığı kadr islahatları həmişə yarımçıq olaraq qaldı.
Onun sözlərinə görə, Movses Akopyanın yenidən vəzifəyə gətirilməsi bunu bir daha göstərir:
“Kadrların dəyişdirilməsi prosesi Ermənistan kimi ölkələrdə çox çətin prosesdir. Bu ölkədə xüsusilə güc strukturları Moskvanın təyin etdiyi kadrlarla idarə olunurdu. Ola bilsin ki, Paşinyanın Akopyanı vəzifədən göndərməsi Moskvada birmənalı qarşılanmayıb və Nikol Paşinyan Akopyanı vəzifəyə qaytarmaq barədə Müdafiə Nazirinə tapşırıq verib. Əslində bunu özü də edə bilərdi. Ancaq bu, əhali arasında baş nazirə qarşı xüsusi narazılıq yarada bilərdi. Paşinyan bunu nəzərə alaraq Akopyanı nazirin əli ilə vəzifəyə qaytarıb deyə düşünürəm. Amma yenə də köhnə kadrların vəzifələrinə qaytarılması erməni cəmiyyətində təlatüm yarada bilər”.