Tramp-Bayden mübarizəsi: Donald üstünlüyünü saxlayacaq - ANALİZ

ABŞ Demokratlar Partiyasının üzvü, prezidentliyə namizəd Cozef Bayden seçkilərdə qələbə qazandıqda Donald Trampa qarşı təhqiqat aparılması üçün baş prokurora müraciət etməyəcəyini deyib. O bildirib ki, təyin etdiyi baş prokurorun nə qərar qəbul etməyindən asılı olmayaraq həmin qərarı dəstəkləməyəcək:

“Qoy onlar öz müstəqil qərarlarını qəbul etsinlər. Trampın qanunu pozmasıyla bağlı qərar qəbul edilsə belə, bununla bağlı təhqiqat aparılması sərəncamını verməyəcəyəm”.

"Tramp, ilk növbədə Amerikada milli maraqların təmin olunması baxımından son dərəcə ümidverici bir vəziyyət yaradıb"


C.Baydenin hakimiyyətə gəlməsinin nə dərəcədə real olması ilə bağlı Sherg.az-a danışan politoloq Tofiq Abbasovun fikrincə, çox güman ki, Tramp öz üstünlüyünü saxlayacaq və ikinci dörd illiyi də qazanacaq.

Analitik bildirib ki, ABŞ-ın özünəməxsus seçki ənənəsi var:

“Amerikada son 10 ilin təcrübəsi onu göstərir ki, adətən bir prezident hakimiyyətə gəldikdə, onunla bağlı ümidləri heç olmasa 50 faizi doğruldursa, o, 2-ci seçkilərdə də qələbə qazana bilir. İstisna olaraq Cimmi Karteri yada sala bilərik. Çünki 1970-ci illərin sonunda artıq Cimmi Karter Demokratlar Pariyasından olaraq, bir seçkini qazandı. İran hadisələri baş verdikdən sonra o, çalışdı ki, Amerikanın nüfuzunu bir növ bərpa etsin. Lakin İranda girov götürülmüş amerikalı diplomatlarının xilas edilmə əməliyyatından sonra Karterin reytinqi son dərəcə aşağı düşdü və növbəti seçkilərdə o uduzdu. 

İndi bu ənənənin Donald Trampın xeyrinə işləməsi də şübhə doğurmur. Çünki Tramp, ilk növbədə Amerikada milli maraqların təmin olunması baxımından son dərəcə ümidverici bir vəziyyət yaradıb. Təsadüfi deyil ki, ölkə daxilində Trampın reytinqi yüksəkdir. Bu, baxımdan düşünürəm ki, o əminliklə hər kəsə bildirir ki, növbəti seçkilərdə mütləq qələbə qazanacaq”. 



Tofiq Abbasov: “O, gərək elə səylər göstərsin ki, hər halda seçicilərin etimadını qazanıb Tramp kimi favorit namizədi məğlub etsin"


T.Abbasov bildirib ki, C.Bayden özü üçün əlverişli olmayan bir vəziyyətdə seçkilərə qatılacaq:

“O, gərək elə səylər göstərsin ki, hər halda seçicilərin etimadını qazanıb Tramp kimi favorit namizədi məğlub etsin. Bu, bir az inandırıcı görünmür. Amma hər halda Bayden seçkilərdə iştirak edəcəksə, çalışacaq ki, bunu etsin. Düşünürəm ki, seçkilərin müqəddəratı indi həllini tapmalıdır. Çünki "demokratlar" ciddi cəhdlə və bütün səylərini səfərbər etməklə çalışırlar ki, impiçmenti gündəmdə saxlasınlar və bununla da məsələni həll etsinlər. Məlumdur ki, guya seçkilərdə kənar qüvvələrin də iştirakı olub. Düzdür, bu məsələ ilə bağlı tədqiqatlar aparıldı, prokuror Miller də öz fikirlərini bildirdi. Sonra bəlli oldu ki, bütün bunlar tam həqiqət deyil və bir çox məsələlər diqqətdən kənarda qalıb. Ümumiyyətlə, bu məsələ ilə bağlı son dərəcə cazibəli bir situasiya yaranıb. Çünki siyasi institutlarda çalışanlar, ekspertlər birliyi, jurnalistlər hər zaman istəyirlər ki, bütün ilginc məlumatları əldə etsinlər və mənzərəni tam şəkildə formalaşdırsınlar. Amma həmin Amerika rəsmilərinin iştirakı ilə aparılmış tədqiqat işində də bir qədər boşluqlar qaldı. Ona görə də bir neçə istefalar baş tutdu. İndi isə "demokratlar" çalışırlar ki, həmin boşluqları özlərinə əlverişli olan konteksdə doldursunlar və ola bilsin ki, seçkilərdə də qalib gəlsinlər. Əlbəttə bu baş verərsə, "demokratlar"ın şansları son dərəcə çoxalacaq”.



"Reytinqlər də təsdiqləyirlər ki, Tramp son dərəcə populyar prezidentdir"


Politoloqun sözlərinə görə, faktiki olaraq Tramp iqtisadi zəmində və işgüzar sahədə Amerika biznesi üçün son dərəcə əlverişli rejimlər yaradır:

“Tramp Amerikanın xaricdəki xərclərini azaldır və həmin büdcə vəsaitlərini ölkənin daxili problemlərini həll etməyə yönəldir. Digər tərəfdən Amerikaya idxal olunan malların tariflərini qaldırır. Təbii ki, bunların hamısı amerikalılar tərəfindən yüksək qiymətləndirilir. Reytinqlər də təsdiqləyirlər ki, Tramp son dərəcə populyar prezidentdir. Onun xarici siyasətdəki fəaliyyətinə gəldikdə isə o, bir neçə beynəlxalq formatlarda qırmızı işıq yandırır və qeyri-qanuni tərzdə meydanı tərk edir. Halbuki bunu etməyə ixtiyarı yoxdur. Çünki ABŞ dünya lideri və nüfuzlu dövlət kimi beynəlxalq qanunvericilikdən irəli gələn norma və tələblərə riayət etməlidir. Amma Tramp bunları etmir. Bunların hər biri yolverilməz addımlardır. Buna baxmayaraq daxildəki vəziyyət Trampa üstün bir şərait yaradır və özü də bu üstünlüyü hiss edir. Seçki dövründə "demokratlar" imkanlarını səfərbər edərək heç nə əldə etməsələr, inanmıram ki, seçkilərdə qələbə qazanacaqlar. Çünki Tramp üstünlüyü ələ alacaq”.